Naxçıvanda növbəti açıq ürək əməliyyatları uğurla başa çatmışdır
Naxçıvan, 19 dekabr (AZƏRTAC). Bakıda fəaliyyət göstərən yüksək ixtisaslı həkim briqadalarının Naxçıvana gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının burada təşkili artıq ənənə halını almışdır.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi getdikcə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən ən yeni avadanlıqla təchiz edilmiş cərrahiyyə otaqlarında aparılır.
Əməliyyatların aparılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Kardioloji Mərkəzinin həkim briqadasının böyük rolu vardır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə bu xəstəxana arasında əldə olunan razılığa əsasən, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin fəaliyyətə başladığı 2007-ci ildən etibarən müntəzəm olaraq burada müxtəlif ixtisaslı həkim və orta tibb işçilərindən ibarət tibbi heyətin iştirakı ilə xeyli sayda xəstələrin müayinə və cərrahi müalicəsi həyata keçirilmiş, 344 xəstədə açıq ürək, 766 xəstədə angioqrafiya və angioplastika əməliyyatları aparılmışdır.
Növbəti səfər zamanı isə burada ümummilli liderimiz Heydə Əliyevin xatirəsinin anma gününə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilmiş, Kardioloji Mərkəzin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əvvəlcədən qeydiyyata götürülmüş 23 kardioloji xəstədə açıq ürək, 2 xəstədə periferik, 15 xəstədə angioqrafiya əməliyyatları aparılmış və çox sayda risk faktorlu xəstə müxtəlif kardioloji müayinələrdən keçirilmişdir. İki xəstəyə aortik bioprotez qapaq qoyulmuş, eyni zamanda, aortakoronar şuntlama əməliyyatı icra olunmuşdur.
Anadangəlmə ürək qüsurlu 2 uşaq üzərində (1,3-2 yaş) aparılan açıq ürək əməliyyatları da uğurla başa çatdırılmış, 1 xəstəyə isə aortal qapaq qoyulmuş və onlar tam sağalma ilə evə buraxılmışlar. Kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilmişdir.
Aksiya çərçivəsində yerli həkimlər bütün cərrahi əməliyyatlarda iştirak etmişlər.