Naxçıvanda “Qan yaddaşımız Xocalı”adlı rəsm sərgisi açılıb
Naxçıvan, 19 fevral, Rauf Əliyev, AZƏRTAC
Fevralın 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Xocalı soyqırımına həsr edilmiş “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə əksəriyyəti gənclərdən ibarət olan 27 rəssamın 50-dək əsəri nümayiş etdirilir.
Açılış mərasimində əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirdi ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş hərbi cinayətdir. Azərbaycan xalqı, bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq. Bu faciənin bədii ədəbiyyat, kinofilmlər, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd etdi ki, Xocalı soyqırımı törədildiyi zaman hadisələrin şahidi olan xarici jurnalistlər dünya mətbuatında faciənin miqyası barədə tükürpədici faktlarla çıxış ediblər. Fransadan olan jurnalist Jan-İv Yunet, İngiltərənin “Frant layn nyus” telekompaniyasının jurnalisti Rori Patriks, Rusiyanın nüfuzlu “İzvestiya” qəzetinin müxbiri V.Belıx və digərlərinin qələmə aldıqları məqalələrdə oxuculara dəhşətli faciənin təfərrüatları çatdırılıb.
Ü.Həmzəyeva məlumat verib ki, Xocalıda törədilən faciəni ermənilərin özləri də etiraf edirlər. Həmin şəxslərdən biri, insanlığa sığmayan vəhşiliyi görən və sonra Beyruta qaçan erməni jurnalist Davud Xeyriyan “The Sake of Cross” adlı kitabında dəhşətli faciəni qələmə alıb.
Sərginin ilk ziyarətçiləri Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb Kollecinin müəllim və tələbləri, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin kursantlar, Naxçıvan Dövlət Tarix və Dövlət Xalça muzeylərinin əməkdaşları olublar.
Sərgi fevralın 28-dək davam edəcək.