Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 3,6 dəfə artıb
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Muxtar respublikada “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində 1 oktyabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8039 vahid artaraq, 11098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4712 vahid artıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatında bildirib.
A.İsmayılov qeyd edib ki, Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondunun məbləği 2024-cü ilin 6 ayında 40,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub. 2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 37,1 faiz artıb.
Bundan başqa, cari ilin 9 ayında muxtar respublika üzrə sahibkarlara 76 lisenziya verilib, büdcəyə 43,6 min manat vəsait ödənilib.
“Muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 3307 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,1 dəfə artıb”, - deyə o əlavə edib.