Naxçıvanda Region Liqasının oyunlarına start verilib
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən klubların iştirakı ilə liqanın Naxçıvan zonasındakı oyunlarına start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Dübəndi” Ordubad şəhər stadionunda yenidənqurmadan sonra keçirilən ilk rəsmi matçda “Araz-Naxçıvan”la qarşılaşıb. Qarşılıqlı qollarla azarkeşlərə maraqlı oyun izlətdirən komandaların mübarizəsində Naxçıvan təmsilçisi 3:1 hesablı qələbə əldə edib.
“Babək” (Babək) - “Əlincə” (Culfa) görüşü də maraqlı alınıb. Ümumilikdə, 7 qolun qeydə alındığı qarşılaşma babəklilərin 4:3 hesablı qələbəsi ilə tamamlanıb. Kəngərlinin eyniadlı komandası səfərdə Şahbuzun “Batabat” komandası üzərində böyükhesablı qalibiyyət əldə edib - 12:2. Şərurun “Arpaçay” klubu da ilk oyununu aşkar üstünlüklə bitirib. Səfərdə “Sədərək”lə (Sədərək) qarşılaşan Şərur təmsilçisi rəqibini 7:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Naxçıvan zonasında 14 tur oynanılacaq. Qalib komanda Region Liqasının reqlamentinə əsasən ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək.