Nazir: Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə hazırdır
Bakı, 25 sentyabr, AZƏRTAC
Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri mineral ehtiyatlardan səmərəli istifadə üçün yeni imkanlar yaradır. Bərpa və yenidən qurulan yollar, enerji və su infrastrukturu istehsal layihələrinin inkişafına möhkəm zəmin formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal materialları və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiyada deyib.
Nazir qeyd edib ki, biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yataqların iqtisadi dövriyyəyə cəlb olunmasına məhz bu bütöv yanaşma ilə baxırıq.
“İcra edilən hər bir layihə məşğulluğa və ixraca töhfə verməklə yanaşı, ərazinin bərpa planları, su ehtiyatları və ekosistemlərin həssaslığı ilə uzlaşdırılmalıdır. Hasil edilən mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması da mühüm şərtdir. Bu baxımdan Azərbaycanın strateji Orta Dəhliz üzərində yerləşməsi daşınma marşrutlarının şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün bizə və tərəfdaşlarımıza əlavə üstünlük qazandırır. Məhz bu geniş imkanları nəzərə alaraq, bu forumda təmsil olunan şirkətləri və maliyyə institutlarını geoloji kəşfiyyat, səmərəli və təkrar emal texnologiyalarının tətbiqi, habelə mütəxəssis hazırlığı üzrə fəal əməkdaşlığa dəvət edirik. Beynəlxalq tərəfdaşlarla birgə texniki əməkdaşlıq daha təmiz istehsalın təşkilinə, qabaqcıl sənaye standartlarının tətbiqinə və yerli bacarıqların inkişafına birbaşa töhfə verə bilər. Bir sözlə, Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə, ölkə daxilində əlavə dəyər yaratmağa və qlobal təchizatın dayanıqlılığına töhfə verməyə hazırdır. Forumdan əsas gözləntilərimiz də məhz dağ-mədən sənayesində müasir yanaşmaların tətbiqi, etibarlı və uzunmüddətli tərəfdaşlıqların qurulması, eləcə də işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bu sahəyə investisiyaların artırılmasıdır”, - deyə Rəşad İsmayılov qeyd edib.