SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Sentyabrın 4-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Fransanın Beynəlxalq Əlaqələr İnstitutunun direktoru akademik Tyeri dö Monbrialı qəbul etmişdir.
Səmimi keçən görüş zamanı fransalı qonaq müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının üzləşdiyi çətinliklərlə yaxından tanış olmaq, keçid dövrünün mürəkkəb sosial problemlərinin aradan qaldırılması, həmçinin demokratik islahatlar yolunda ölkə rəhbərliyinin atdığı addımlarla, ümumən respublikamızdakı çağdaş durumla bağlı ətraflı məlumat toplamaq məqsədi ilə Azərbaycana səfər etdiyini nəzərə çatdırdı. Azərbaycan prezidenti Heydər Əliyevə böyük rəğbət bəslədiyini və onu dövrümüzün dahi dövlət xadimi hesab etdiyini xüsusi vurğulayan cənab Tyeri dö Monbrial onun rəhbərliyi dövründə iqtisadiyyata investisiya qoyuluşunun həcmi, azad bazar mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, xüsusilə kiçik və orta sahibkarlığa yardım, maliyyə və bank strukturlarının qarşılıqlı fəaliyyəti, digər MDB ölkələri ilə əlaqələrə dair məsələlərlə də maraqlandığını bildirdi.
Baş nazir Artur Rasizadə qonağa respublikamızda hazırkı durum barədə ətraflı məlumat verərək qeyd etdi ki, ölkədə siyasi stabillik yaradıldıqdan sonra iqtisadi islahatların daha da sürətlə aparılması üçün münbit şərait yaranmışdır. Bunun nəticəsi olaraq 1996-cı ildən etibarən iqtisadi inkişaf sürətinin müvafiq göstəriciləri üzrə mütəmadi artım müşahidə olunur. Baş nazir dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyən respublikamızın iri beynəlxalq maliyyə və bank qurumları ilə uğurlu əməkdaşlığı sayəsində bir çox sosial-iqtisadi məsələlərin həllinə nail olunduğunu da vurğuladı.
Söhbət zamanı iqtisadi inkişafa təsir göstərən ən böyük amil kimi Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələri və habelə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.
Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova qəbulda iştirak edirdi.