SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Sentyabrın 10-da Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə İran İslam Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin MDB baş idarəsinin rəisi Mehdi Səfərinin rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətini qəbul etmişdir.
Qəbula görə qonaqlar adından Azərbaycanın baş nazirinə təşəkkürünü çatdıran Mehdi Səfəri bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələrin daha da sürətlə inkişaf etdiyini, ikitərəfli iqtisadi komissiyanın işinin xeyli intensivləşdiyini xüsusi qeyd etdi. Bakıya gəlişinin əsas məqsədi barədə danışan qonaq bildirdi ki, nümayəndə heyətinin missiyasına əsasən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair ikitərəfli müzakirələrin davam etdirilməsi və Azərbaycan-İran iqtisadi əməkdaşlığının bəzi istiqamətləri barədə fikir mübadiləsi aparmaq funksiyaları daxildir. Sonra Mehdi Səfəri Bakıda keçirdiyi görüşlər və danışıqlar haqqında baş nazirə ətraflı məlumat verdi.
Yaxın qonşu dövlət olan İran İslam Respublikası ilə qarşılıqlı münasibətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayan baş nazir Artur Rasizadə iqtisadi-mədəni əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edərək, əlaqələrimizin gələcək inkişafı baxımından bir sıra zəruri məqamlara toxundu. Baş nazir enerji təchizatı, nəqliyyat, ticarət, humanitar və digər sahələrdə apardığımız müştərək işlərin səmərəli nəticələr verdiyini xatırladaraq, bu əlaqələrin daha geniş perspektivlərə malik olduğunu da nəzərə çarpdırdı.
Qəbulda qarşılıqlı iqtisadi maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.