NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Macarıstan parlamentinin sədri xanım Katalin Silinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən islahatlar, dövlətimizin xarici siyasətinin prioritet istiqamətləri barədə ətraflı məlumat vermişdir. O, respublikada hasil olunan enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirildiyini, ölkədaxili infrastrukturun inkişaf etdirildiyini xatırlatmışdır.
Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir bildirmişdir ki, ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ də həllini tapmamışdır. Artur Rasizadə vurğulamışdır ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalar əsasında həll edilməlidir və dünya ölkələri, beynəlxalq təşkilatlar məsələ ilə bağlı öz qəti mövqeyini bildirməlidirlər.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 18-19-da Macarıstana dövlət səfərinin, cari ilin iyulunda isə Macarıstanın Baş naziri Ferents Dyurçanın ölkəmizə səfərinin ikitərəfli iqtisadi münasibətlərin inkişafına güclü təkan verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyindən məmnunluğunu vurğulayan xanım Katalin Sili, səfər çərçivəsində keçirəcəyi görüşlərin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini söyləmişdir. Xanım K.Sili ölkəsinin Azərbaycan ilə əczaçılıq, maliyyə, tikinti, kommunikasiya və digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirmiş, eyni zamanda parlamentlərarası əlaqələrin inkişafının vacibliyini vurğulamışdır.
Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.