İQTİSADİYYAT
Nazirlik: “Made in Azerbaijan” brendi ilə layihələr beynəlxalq müsabiqəyə təqdim edilib
Bakı, 25 yanvar, AZƏRTAC
Ölkəmiz adından Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2019 Mükafatları” beynəlxalq müsabiqəsinə bir sıra layihə təqdim olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) AZƏRTAC-a bildirilib ki, nazirliyin həyata keçirdiyi layihələr, tabeli qurumların mütəxəssisləri tərəfindən hazırlanan proqram və tətbiqlər müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak hüququ qazanıb. Yerli mütəxəssislər tərəfindən hazırlanan bir neçə layihə Təşkilat Komitəsi tərəfindən seçilərək artıq səsverməyə təqdim olunub. Fevralın 10-dək davam edəcək onlayn səsvermə nəticəsində 18 nominasiya üzrə qaliblər, eyni zamanda, 72 çempionluq layihəsi müəyyən olunacaq. Qaliblər bu il aprelin 8-12-də Cenevrədə keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2019” forumunda elan ediləcək.
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2004-cü ildən BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə xüsusi ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilir. “Made in Azerbaijan” brendi altında layihələri qalib etmək üçün onlayn səsvermədə yüksək nəticə toplamaq lazımdır.
Qeyd edək ki, “İdeyadan Biznesə” (1-ci kateqoriya - “I2B - Idea to Business”) və ya “Apelyasiya Şuralarına Şikayət Sistemi” (1-ci kateqoriya - “Appeal Board Complaint System”), “Açıq Məlumatlar” (3-cü kateqoriya - “Open Data”), “Danışan kitabxana” (6-cı kateqoriya - “Speaking Library”), “Mobil imza” (7-ci kateqoriya - “Mobile Signature”), “Mərkəzləşdirilmiş Hesablama Sistemi” (8-ci kateqoriya - “Centralized Accounting System”), “ARİS” (7-ci kateqoriya- ARİS) layihələri nominant qismində müsabiqədə dünyanın müxtəlif ölkələrindən təqdim olunan layihələrlə yarışır.
Müsabiqəyə 1-ci (“I2B - İdeyadan Biznesə” və Apellyasiya Şuralarına Şikayət Sistemi) və 7-ci kateqoriya (ARİS və Mobil İmza) üzrə iki layihə səsverməyə təqdim olunub. Lakin qaydalara görə, hər kateqoriya üzrə yalnız bir layihəyə səs verilə bilər.
Bundan başqa, nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan “iQrex” (kateqoriya 8 - “iQrex”) və “Sağlam Yaşam Platforması” (kateqoriya 10 - “Healty Living Support Platform”) layihələri də onlayn səsvermədə iştirak edir. Onlayn səsvermədə fəal iştirak etməklə ölkəmizi təmsil edən bu layihələri qalib edə bilərik. Səsvermədə iştirak bu link https://www.itu.int/net4/wsis/stocktaking/prizes/2019/ vasitəsilə mümkündür.