Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları texnika elmləri doktoru, dosent Gülbəniz Muxtarova və texnika elmləri doktoru, dosent Lalə Əfəndiyeva Türkiyənin Antalya şəhərində III Beynəlxalq Ətraf Mühit Kimyası Konfransında (EnviroChem 2021) iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda Gülbəniz Muxtarovanın “Polimer tullantılarının utilizasiyası”, Lalə Əfəndiyevanın isə “Dizel və yağ fraksiyalarının aromatik karbohidrogenlərdən təmizlənməsi” mövzusunda məruzəsi dinlənilib. Tədbirin beynəlxalq Elmi Komitəsi tərəfindən alimlərə poster məruzələrinin dəyərləndirilməsi tapşırılıb.
Konfrans müddətində NKPİ-nin alimləri Türkiyənin Qara Dəniz Texniki Universiteti və TÜBİTAK ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.