İQTİSADİYYAT
Nəriman Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
![Nəriman Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib](/files/2022/3/1200x630/16620511953526313019_1200x630.png)
Tbilisi, 1 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan ilə Gürcüstan arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də münasibətlər çox yüksək səviyyədədir. Biz AZEBİ olaraq çalışırıq ki, iqtisadi əlaqələr daha da dərinləşsin və möhkəmlənsin. Bunun üçün müxtəlif layihələr də hazırlanıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov söyləyib.
N.Qurbanov deyib: “Azərbaycan ilə Gürcüstan arasındakı mövcud əlaqələrin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Bu gün iki ölkə arasında əlaqələr Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Biz də AZEBİ olaraq bu əlaqələrin inkişafına öz töhfəmizi vermək istəyirik. Bunun üçün bir neçə layihə və təkliflər paketi də hazırlanıb. Bu təkliflərdən biri də Gürcüstandan olan iş adamlarının da iştirakı ilə Şuşada biznes-forumun keçirilməsidir. Düşünürəm ki, bu təklifim lazımi dairələr tərəfindən nəzərə alınacaq.
Fikrimcə, Şuşada belə bir tədbirin keçirilməsi iki ölkənin iş adamları, iqtisadi qurumları arasında əlaqələrin inkişafına yeni impuls verəcək, gürcü iş adamlarının, eləcə də azərbaycanlı iş adamlarının qarşılıqlı sərmayə qoymaq imkanlarını artıracaqdır”, - deyə N.Qurbanov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi