Nərimanov rayonunda milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi qeyd olunub
Bakı, 27 mart, AZƏRTAC
Martın 27-də Nərimanov Rayon İcra Hakimiyyətinin binasında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin inkişaf tarixindən, onun çətin və şərəfli fəaliyyətindən, daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Dövlət Təhlükəsizliyi Xidmətinin rolu əvəzedilməzdir.
Diqqətə çatdırılıb ki, ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində dinamik inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir.
Vurğulanıb ki, xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanmasında və qarşısının alınmasında, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.
Xüsusi xidmət orqanları veteranları, polkovnik Arif Zeynalov, polkovnik İbrahim Şirinov çıxışlarında Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan söhbət açıblar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti təkmilləşdirilib, kadr potensialı milliləşdirilib. Veteranlar son dövrdə bəzi xarici qüvvələr tərəfindən ölkəmizə qarşı təhdidlərin artdığını, gənclərimizin müxtəlif radikal qruplaşmalar tərəfindən xarici ölkələrdə baş verən silahlı qarşıdurmalara cəlb edildiyini vurğulayaraq, respublikamızın müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyini bildirib, çətin və şərəfli işlərində onlara nailiyyətlər arzulayıblar.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin Nərimanov rayon idarəsinin xidmətdə fərqlənmiş bir qrup əməkdaşı rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.