Nəsimi rayonu ərazisindəki Hüseynbala Əliyev küçəsi təmir olunub VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
“Azəravtoyol" ASC tərəfindən Nəsimi rayonu ərazisindəki Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri artıq yekunlaşıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 650 metr, eni isə 14 metr olan küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 poqonmetr yeni səki daşı düzülüb.
Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Görülən işlər çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib.
Təmir-bərpa işləri tərtib olunmuş cədvələ uyğun qısa müddət ərzində aparılıb.