Nəsimi rayonunda sağlam ailə mühitinin formalaşması mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 15 may, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətində Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş “Möhkəm təməllər üzərində sağlam ailə mühitinin formalaşması” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş “dəyirmi masa”da çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər barədə iştirakçilara məlumat verib. Bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlər dövlətimizin prioritet vəzifələrindən biridir. Dövlətimiz tərəfindən gənc ailələrin mənzillə təminatı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycan ailələrinin möhkəmləndirilməsinə böyük töhfə verəcək. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir vətəndaşa, ailəyə, uşağa, diqqət və qayğısı cəmiyyət həyatında əsas rol oynayan ailə institutunun möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin rəisi Reyhanə Kərimova qeyd edib ki, belə tədbirlərin gənc ailələrin möhkəmlənməsində xüsusi əhəmiyyəti var. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bu gün bütün dünyada boşanmaların sayının artdığını deyən Reyhanə Kərimova vurğulayıb ki, bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin yetərincə olmamasıdır. Həmçinin ailələrin dağılmasına kənar müdaxilələr də təsir göstərir. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat şöbələrinə cəlb olunmuş psixoloq Yeganə Özçələbi, 20 saylı şəhər poliklinikasının baş həkiminin müavini Nəzakət Həsənova ailənin cəmiyyətdəki rolundan danışıb, ailələrin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin qorunmasının zəruriliyindən söhbət açıblar.
Qeyd olunub ki, 2015-ci ildən etibarən Prezident İlham Əliyevin tapşırığı ilə gənclərin nikah öncəsi tibbi müayinədən keçirilməsinə başlanılıb. Bu, gələcəkdə qurulacaq ailələrin qorunub-saxlanmasında mühüm əhəmiyyətə malikdir.
Qırx-əlli il birgə ömür sürmüş Əfəndiyevlər, Məmmədovlar və Qəhrəmanovlar ailələrinin üzvləri keçdikləri həyat yolundan danışıb, yeni ailə quracaq gənclərə öz tövsiyələrini veriblər. Bildiriblər ki, hər bir xoşbəxt ailənin açarı ailə üzvlərinin bir-birinə olan qarşılıqlı məhəbbət və hörmətindən asılıdır. Ahıl cütlüklər deyiblər ki, övladlarını evləndirib nəvə-nəticə sahibi olsalar da, bu gün də bir-birilərinə qarşılıqlı məhəbbət, hörmət və qayğı hissləri azalmayıb. Bu, ailənin möhkəmliyini təmin edən əsas amillərdən biridir.
Tədbirdə çıxış edən gənclər quracaqları ailələrində milli-mənəvi dəyərlərimizin qorunmasına çalışacaqlarını bildiriblər.