Nəzarətçi-müəllimlər yeni növ test imtahanlarının texnologiyaları barədə məlumatlandırılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) yeni və təcrübəsi az olan müəllimlər üçün keçirdiyi seminar-məşğələlər yekunlaşıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bütün respublika ərazisini əhatə edən təlimlərə 3715 nəzarətçi‑müəllim dəvət olunub. Onlardan 119 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin bazasından xaric ediliblər.
Təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək yeni növ test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib. Təlimlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunacaqlar. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.
Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14927 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar-məşğələlər keçiriləcək.