Niderlanddakı diaspora üzvlərimiz tərəfindən Şuşanın işğalına həsr edilmiş videokonfrans keçirilib
Niderland, 9 may, AZƏRTAC
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalına dair videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfransa Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, bu ölkədə fəaliyyət göstərən Niderland-Azərbaycan-Türk Kültür dərnəyinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin üzvü Lamiyə Babayeva, Niderland Krallığında təhsil alan tələbələr və Azərbaycandan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, müharibə qazisi Radə Abbas qatılıblar.
Əvvəlcə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva konfrans iştirakçılarına Şuşanın işğalından, eləcə də Qarabağ müharibəsinin Azərbaycana vurduğu maddi-mənəvi ziyandan, xalqımızın məruz qaldığı amansız erməni vəhşiliyindən və erməni faşizmi ilə aparılan mübarizədən, bu mübarizədə xaricdə yaşayan soydaşlarımızın rolundan danışıb.
Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək bu zülmə son qoyulmasının vacibliyini vurğulayıb.
Şuşa şəhərində anadan olmuş və 2 yaşına qədər orada yaşamış, şəhərin işğal olunmasına qədər olan hadisələrin canlı şahidi olmuş və hazırda Niderlandda yaşayan, diaspora fəalı, Koordinasiya Şurasının üzvü, Real TV-nin Avropa bölməsinin rəhbəri Xatirə Sərdarqızı da Şuşa haqqında xatirələrini bölüşüb. O, Şuşaya qayıtmaq arzusu ilə yaşadığını deyib.
BAK-ın üzvü Lamiyə Babayeva da ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən, cinayətlərdən bəhs edib.
Qarabağ müharibəsi iştirakçısı, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas videokonfransın təşkilatçılarına təşəkkür edib. Vətəndən uzaqda yaşamaqlarına baxmayaraq, bu ağrılı günləri birlikdə yad etdiklərinə görə soydaşlarımıza minnətdarlığını bildirib.
Konfransda çıxış edən tələbə-gənclər də üzərlərinə düşən məsuliyyəti hiss etdiklərini və Qarabağ həqiqətlərinin olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırılması üçün əllərindən gələni etdiklərini vurğulayıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Niderland