CƏMİYYƏT
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi pulsuz aparılacaq
Bakı, 30 may, AZƏRTAC
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər bu il iyunun 1-dən qüvvəyə minir. Sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən talassemiya xəstəliyi və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədilə keçiriləcək tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət tibb müəssisəsində həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin kollegiya iclasında məlumat verilib.
Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.
Şöbə müdiri vurğulayıb ki, tibbi müayinələrin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət səhiyyə müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilməlidir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
O, həmçinin deyib ki, nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim etmək üçün tibbi arayış da verilir. Arayışda müayinənin nəticələri əks olunmur, tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır, müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən iki həftə gec olmayaraq verilməlidir. Arayışın etibarlılıq müddəti bir aydır.
Bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi regionlarda mərkəzi rayon xəstəxanaları və ya şəhər xəstəxanaları, şəhər səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilən tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunan poliklinikalar, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən aparılacaq. Bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub.