Nikolay Zamikula: Azərbaycan Cənubi Qafqazın lideridir
Kiyev, 7 oktyabr, AZƏRTAC
Azərbaycana səfər çərçivəsində mənə işğaldan azad edilmiş rayonlara getmək nəsib olub. Biz Şuşada, Cəbrayılda və Ağdamda olduq. Bu səfərlə bağlı təəssüratlarım həqiqətən ikili xarakter daşıyır. Bir tərəfdən işğaldan sonra qalmış dağıntılar adamı dəhşətə gətirir. Lakin azad edilmiş ərazilərin bərpası prosesi öz sürətinə görə heyrət doğurur. Səkkiz ay ərzində Füzulidə müasir aeroport tikintisi faktiki olaraq başa çatıb.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti Nikolay Zamikula erməni işğalından azad edilmiş ərazilərə səfərdən aldığı təəssüratları AZƏRTAC-a müsahibəsində bölüşüb. O vurğulayıb ki, Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşada artıq müasir otellər istifadəyə verilib.
Nikolay Zamikula deyib: “Şuşaya yeni yol çəkilişi başa çatmaq üzrədir. Ağdamın yenidən qurulması üçün plan hazırlanıb, lakin bu planın həyata keçirilməsi üçün çox vaxt lazım gələcək. İlk növbədə ona görə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin mütəxəssisləri mina təhlükəsinə qarşı mübarizəni davam etdirirlər. Bu işin uğurla başa çatacağına əsla şübhə etmirəm. Azərbaycanın yeni milli layihəyə - bərpa layihəsinə yanaşması ən yüksək qiymətə layiqdir. Ukrayna da Azərbaycanın bu təcrübəsini öyrənməli, ondan nümunə götürməlidir. Bu, Bakının hərbi uğurlarının tədqiqi ilə müqayisədə heç də az əhəmiyyətli məsələ deyil”.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində məğlubiyyət milli faciə kimi qəbul edilmişdi və müvəqqəti itirilmiş torpaqları qaytarmağın zəruri olmasına heç kəs şübhə etmirdi. Ekspert vurğulayıb: “Mənim müşahidələrimə görə Azərbaycan tərəfi bu münaqişəni dini və ya etnik xarakterli müşahidə hesab etmirdi. Azərbaycan yalnız öz dövlətinin ərazi bütövlüyünün bərpa olunmasını və 1990-cı illərin əvvəlində öz evlərini tərk etməyə məcbur olmuş yüz minlərlə qaçqının hüquqlarını təmin etmək istəyirdi. İkinci Qarabağ müharibəsində Qələbəyə görə eyforiya hələ də hiss edilir. Küçələrdə tez-tez rast gələn “Qarabağ Azərbaycandır!” şüarı yazılmış plakatlar və reklam məhsulları, 2021-ci ilin baharında açılmış Hərbi Qənimətlər Parkı buna sübutdur. Lakin bunu döyüşkənlik və ya təcavüzkarlıq hesab etmək lazım deyil. Əksinə, illər boyu davam etmiş münaqişənin başa çatmasına insanlar sevinir, bu, gələcəkdə dinc həyata ümid verir. Bu qələbə naminə verilmiş qurbanları heç kəs unutmur. Binalarda və şəxsi avtomobillərdə şəhidlərin portretləri işğal altında olan ərazilərin azad edilməsi uğrunda həlak olanların xatirəsinə müstəsna hörmətə dəlalət edir”.
Nikolay Zamikula sözünə davam edərək bildirib ki, Azərbaycan çox yaxşı təsir bağışlayır. Bu dövlət öz potensialına görə Cənubi Qafqazın lideridir və onun inkişaf sürəti bu həqiqəti təsdiq edir. Bakıya gələnlər elə ilk saatdan etibarən, Heydər Əliyev Beynəlxalq Aeroportuna sadəcə nəzər salmaqla bu ölkənin modernləşmə və öz mövqelərini möhkəmlətmə yolunda inamla irəliləməsini təsəvvür edə bilər. Azərbaycan paytaxtının siması çox rəngarəngdir. Digər tərəfdən, Azərbaycanda tarixi irsi unutmurlar. İçərişəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası buna parlaq sübutdur. Şəhərin köhnə və yeni hissələri çox uğurlu simbioz təşkil edir. Şəhər ərazisində kütləvi tikinti işləri Bakının daha bir fərqləndirici cəhətidir: yeni tikintilər paytaxtın tarixi məkanları üçün heç bir təhlükə doğurmur.
Nikolay Zamikula vurğulayıb: “Azərbaycan vətəndaşlarının Ukraynaya çox səmimi münasibətini xüsusi qeyd etmək istərdim. Bu, hər addımda hiss olunurdu. Küçədə, nəqliyyatda, mağazalarda, muzeylərdə və kafelərdə mənim Ukraynadan olduğumu bilənlər öz müsbət emosiyalarını gizlətmirdi. Azərbaycanda bizim ölkəni əsil müttəfiq və dost hesab edirlər. İkinci Qarabağ müharibəsi zamanı Ukrayna Bakını dəstəkləyib. Bakı sakinləri ilə söhbətlər zamanı aşkar hiss olunurdu ki, onların Ukraynaya dost münasibəti, ukraynalıların öz problemlərini tezliklə nizamlaması arzuları ürəkdən gələn duyğulardır”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev