İQTİSADİYYAT
Nobel qardaşları prospekti simasını dəyişir
Bakı, 19 fevral (AZƏRTAC). Xətai rayonundakı Nobel qardaşları prospektində aparılan tikinti və abadlıq işləri prospektin simasının yeniləşməsində əhəmiyyətli rol oynayır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, prospekt boyunca yerləşən yaşayış binalarının, sənaye müəssisələrinin inzibati binalarının əsaslı təmiri, ətrafda görülən abadlaşma və yaşıllaşdırma işləri, quraşdırılmış fəvvarələr və işıqlandırıcılar əraziyə əsrarəngiz görkəm verir.
Hazırda prospektin başlanğıcındakı yaşayış binalarının fasadlarının üzlük daşla üzlənməsi, eyvanların əsaslı təmiri, 3 və 5 nömrəli, həmçinin 7 və 9 nömrəli binalar arasındakı ərazidə arkaların tikintisi başa çatdıqdan və binaların dam örtükləri müasirləşdirildikdən sonra Nobel qardaşları prospekti də şəhərin mərkəzi küçələrindən seçilməyəcəkdir.
Rayon ərazisində hazırda tikintisi sürətlə aparılan Azərbaycan Boks Federasiyası üçün inzibati bina da respublika miqyaslı obyektlərin inşası və prospektin gözəlləşdirilməsi istiqamətində atılan addımlar sırasındadır.