Norika Nikolai: Azərbaycan Avropanın enerji xəritəsində çox mühüm yer tutur
Bakı, 27 aprel, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai aprelin 27-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, Milli Məclis ilə Avropa Parlamenti arasında olan münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan parlamentinin nümayəndə heyəti tez-tez Avropa Parlamentində səfərlərdə olur və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırlar.
“Siz Azərbaycanda gedən siyasi prosesləri yaxından izləmisiniz. Azərbaycanın son 15 ildə əldə etdiyi həm iqtisadi, həm siyasi nailiyyətlər ilə tanışsınız. Bu yaxınlarda Azərbaycanda əhalinin yüksək siyasi fəallığı ilə prezident seçkiləri keçirildi. Səsvermədə seçicilərin 80 faizdən çoxu bugünkü hökuməti və Prezidenti dəstəklədi. Bununla da Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu”, - deyə C.Feyziyev qeyd edib.
Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və səfər çərçivəsində keçirdiyi görüşlərdən razı qaldığını bildirib. “Azərbaycan-Avropa İttifaqı əlaqələri inkişaf edir. Ümidvaram ki, gələn il Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni saziş imzalanacaq və bu münasibətlərimizin, əməkdaşlığımızın daha da inkişafına müsbət təsir göstərəcək”, - deyə Norika Nikolai vurğulayıb.
Azərbaycanın Avropanın enerji xəritəsində çox mühüm yer tutduğunu qeyd edən məruzəçi bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində iqtisadi faktor da olduqca mühüm yer tutur.
Söhbət zamanı xanım Norika Nikolai Ermənistanda baş verən hadisələri diqqətlə izlədiyini qeyd edərək deyib: “Ümid edirəm, hadisələrin gedişi ona gətirib çıxaracaq ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq”.
Görüşdə fikirlərini bölüşən Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Çingiz Qənizadə vurğulayıb ki, əgər Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin işğalı problemi olmasaydı, Azərbaycan daha böyük inkişafa nail olardı.