DÜNYA
“Northvolt” tərkibində münaqişə zonasında çıxarılan metallar olmayan akkumulyator istehsal edəcək
![“Northvolt” tərkibində münaqişə zonasında çıxarılan metallar olmayan akkumulyator istehsal edəcək](/files/2023/3/1200x630/17005694293124744711_1200x630.jpg)
Stokholm, 21 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Elektrikli avtomobillər üçün litium-ion texnologiyası üzrə ixtisaslaşmış İsveç akkumulyator şirkəti “Northvolt” külək və günəş elektrik stansiyalarında enerji saxlamaq üçün istifadə olunan və münaqişə zonalarında çıxarılan metallarsız akkumulyator hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Northvolt” və onun rəqibləri akkumulyator hissələrini istehsal etmək üçün başqa elementlərlə yanaşı, litium, nikel və kobaltdan da istifadə edirlər. Bunlar hazırda dünyanın elektrikləşdirilməsi üçün zəruri hesab olunan maddələrdir. Lakin onların hamısı qıt ola bilər və kobalt həm də “münaqişə zonası metalı” adlanır, çünki bəzən əlverişsiz iş şəraitində uşaqlar tərəfindən çıxarılır.
Sənayenin məqsədi batareyaları daha ucuz, təhlükəsiz və ekoloji cəhətdən təmiz edəcək bir çox maddələr tapmaqdır.
“Northvolt”un qlobal kommunikasiya meneceri Anders Thor deyir: “Bu, böyük bir irəliləyişdir! Problem bu metalları akkumulyatorun tərkibindən çıxarmaq və eyni zamanda, materialda kifayət qədər yüksək enerji sıxlığı əldə etmək idi. Bu batareyalar enerji saxlamaq üçün nəzərdə tutulub ki, bu da külək turbinləri və günəş panellərini daha perspektivli enerji mənbələri etmək üçün bir yoldur. Məhsullarımız ucuzlaşır, habelə daha çox istiyə tab gətirə bilir və bu, Hindistan, Yaxın Şərq və Afrika kimi bazarlar üçün əlverişlidir”.
“Northvolt”un yeni elementlərinin enerji həcmi hər kiloqram üçün 160 vatt-saat təşkil edir ki, bu da şirkətin bazarda ən yaxşı reputasiyasını və onun istehsal edəcəyi məhsulun eyni materialdan hazırlanmış digər natrium-ion batareyalarından demək olar ki, iki dəfə yüksək olduğunu göstərir. Müqayisə üçün qeyd edək ki, bugünkü litium-ion batareyaları hər kiloqramda 200 vatt-saatdan çox enerji həcminə malikdir.
Sınaq istehsalında olan ilk akkumulyatorlar gələn il satışa çıxarılacaq.