Norveç Stortinqinin prezidenti istefa verib
Stokholm, 9 mart, AZƏRTAC
Norveç Krallığı Stortinqinin (parlamentinin) prezidenti büdcə vəsaitinin israfına görə qalmaqalla əlaqədar istefa verib.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, martın 8-də axşam saatlarında Stortinqin prezidenti Ulemik Tommessen yaranmış qalmaqal ilə əlaqədar tutduğu vəzifədən istefa verdiyini ictimaiyyət qarşısında elan edib.
Jurnalistlər bildirirlər ki, Krallıqda ən yüksək dövlət vəzifələrindən birini 2013-cü ildən tutan U.Tommessen istefaya getmək məcburiyyətində qalıb, çünki həm üzvü olduğu partiya, həm də Stortinqdə təmsil olunmuş partiyalardan ibarət müxalifət bloku ona etimadsızlıq göstərib.
U.Tommessenin adı ilə bağlı qalmaqal onun Stortinqin binasının yenidən qurulması layihəsinə rəhbərlik etmək qərarından sonra başlayıb. Layihədə yenidənqurma işlərindən başqa torpaq sahələrinin və maddi-texniki təminat obyektlərinin yenilənməsi nəzərdə tutulub. Bu layihə ilk dəfə 2011-ci ildə təqdim edilib, amma tikinti işləri 2014-cü ildə başlayıb.
Yerli KİV-lərin məlumatına görə, 2015-ci ildə layihənin icrasına 1,1 milyard Norveç kronu (təxminən 140 milyon dollar) xərcləmək planlaşdırılıb. Bununla belə, sonralar işlərin nizamsız görülməsi səbəbindən xərclər iki dəfədən çox artaraq təxminən 2,3 milyon Norveç kronuna (300 milyon dollar) çatıb.
Büdcə pullarının israf edilməsi ilə bağlı hadisə hələ 2015-ci ildə ictimaiyyətə məlum olub. Amma ötən ay tikintini tamamlamağa yeni büdcənin imkanlarının da çatmayacağı məlum olanda yenidən qızışıb. Parlamentin direktoru İda Börresen tənqid nəticəsində tutduğu vəzifədən istefa verib. Bütün bu müddət ərzində U.Tommessenə təzyiq zəifləməyib.
Mətbuat isə xərclərin çox yüksək olması, işlərin pis əlaqələndirilməsi barədə qalmaqallı yazılar yazmağa davam edib. Ancaq Uilrik Tommessenin özü bu ittihamları qəbul etməyib, əvəzində inşaat konsaltinqi ilə məşğul olan şirkəti ittiham edib.
Amma qərar U.Tommessenin parlamentdə təmsil etdiyi Xristian Xalq Partiyası tərəfindən qəbul edilib. Partiya da, müxalifət bloku da ona etimadsızlıq göstəriblər. Bu da qanunverici orqanda onun taleyi barədə səsvermə prosesini lüzumsuz edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm