Noyabrda İrandakı iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı qətlə yetirilib
Tehran, 19 noyabr, AZƏRTAC
Noyabr ayı ərzində İranda davam edən iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı qətlə yetirilib.
AZƏRTAC İranın Daxili İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, Məşhəd, İsfahan, Kirmanşah və digər şəhərlərdə aksiya iştirakçıları tərəfindən qətlə yetirilənlər əsasən “Bəsic” təşkilatının üzvləridir. Bu təşkilat könüllülərdən ibarətdir və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yanında fəaliyyət göstərir. Sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və xəstəxanaya çatdırılmasına baxmayaraq ölməsindən sonra İranın bütün şəhərlərini bürüyən kütləvi aksiyaların yatırılmasında “Bəsic” üzvləri polis və digər təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edib. Təşkilat üzvlərinin aksiya iştirakçılarına qarşı daha qəddar davranması diqqətdən yayınmayıb. Təsadüfi deyil ki, aksiya iştirakçıları tərəfindən də məhz “Bəsic” üzvləri hədəf seçilərək qətlə yetiriliblər.
İran hakimiyyəti bu qətlləri terror aktı kimi dəyərləndirir. Məşhəd və İsfahanda həbslər həyata keçirilsə də, “Bəsic” üzvlərini qətlə yetirənləri tapa bilmirlər. Qətllər insanların sıx toplaşdığı yerlərdə həyata keçirildiyi üçün qatilləri tapmaq çətinlik yaradır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri