O ev bizim evimizdi…
Bakı, 28 mart, AZƏRTAC
...O zaman taleyin qovğası onları isti yuvalarından qoparıb uzaqlara, yad yerlərin düzəngahına atmışdı. Qədərin bu oyununa yanıb-yaxılır, alt-üst olmuş həyatlarının acısını çəkirdilər. Amma çarələri nə idi ki. İndən belə dikəlib, toparlanıb həyatlarına davam etməkdən savayı ayrı yolları qalmamışdı. Axı, çiyinlərində ay parçasıtək iki körpənin yaşaması, böyüməsi, ata-baba şəcərəsini davam etdirməsindən ötrü həyatlarını nizama salıb qayğısını çəkmək borcu vardı...
Doğma yurdda özlərinə təzəcə ev-eşik, gün-güzəran qurmuşdular. Bir cüt göyərçin kimi baş-başa verib sabahların arzu-kamıyla yaşayırdılar. El-oba içində arxalı, ürəkli idilər... İndi gəl şirin xəyalların darmadağın olmuş yuvasını yenidən qur, məhv olmuş arzularını, ölən ümidlərini təzədən göyərt... Görəsən, yenicə köç etdikləri bu qərib yerlərdə halları necə olacaq? Düz-düzəngahda, boş çöllərdə balalarını böyüdə biləcəkdilərmi?..
1948-1953-cü illərdə “könüllü köçürülmə” adı ilə bu gənc ailəni də zorla Qərbi Azərbaycandakı ata-baba yurdlarından - doğma ocaqları, bağ-bağatları, diş göynədən buz bulaqlarından ayırıb, yurdlarının iqlimindən, sərin, təmiz ab-havasından fərqli olan quraq çöllərə, aran yerlərinə qovdular. Onlar da isti yuvalarından perik düşmüş yüz minlərlə soydaşları kimi sındılar, əzildilər, korun-korun yandılar. Ah-nalələrindən təbiətin üzü bozardı. Göylərin leysanı gözlərin leysanına qarışdı... Elə bil neçə günün içində çiyinləri bükülmüş, belləri əyilmiş, qocalmışdılar. Axı hər şey ürəkdən su içir. Ər-arvadın da ürəklərinin suyu qurumuşdu. Arzu-kam qönçələri açılmamış xəzana dönmüşdü...
Köç yolunda ana kirimişcə, xısın-xısın ağlayırdı. Qorxu, təlaş, bir o qədər də nigarançılıq içində yaşyarımlıq oğlunu sinəsinə sıxıb, sanki bala təsəllisinə ovunmaq istəyirdi. Ata da, “biz hara gedirik, təzə evimiz haradadı” deyib, elə hey üstünə suallar yağdıran qızına nağıllar danışırdı. Üç yaşlı qızcığazı şirin sözlər, vədlərlə sakitləşdirməyə nə vardı ki! Dərd, elliklə gələn bəlaya, müsibətə dözüb-dayanmaqdı...
Qızcığaz uşaq fəhmilə valideynlərinin qəmini, kədərini duydu, anasının gözündəki yaşın avazımış yanaqlarında cığır açdığını gördü. İşıq təki çöhrəsinə saçılmış sevincin bircə işartısını da böyüklərin üz-gözündə görmədiyindən sanki qaynarlığından düşdü. Bayaqdan dil-dil ötən qızcığaz kiridi, iri ala gözlərindəki işıq da öləzidi, tər gül ləçəyinə bənzər dodaqları büzüldü, doluxsunmuş, qəmgin halda atasının yanına qısıldı...
Beləcə, bu ailə də çiliklənmiş həyatlarını təzədən öz axarına salmaqdan ötrü düşdükləri diyarda özlərinə ev-eşik qurmaq qayğısı ilə uğraşdılar. Həmin o evi də ilan mələyən Mil düzündə neçə min il əvvəl monqolların işğalından yerlə-yeksan olmuş qədim Beyləqan şəhərinin yerində qaralan komaların arasında, ömrün yaşıl çağlarında çiyin-çiyinə verərək, palçığına gözlərinin yaşını, ürəklərinin olan-qalan təpərini qataraq tikmişdilər. Bu, 1950-ci il idi...
O ikimərtəbəli kərpic evdə yeni körpələr dünyaya gəldi. O ev bizim doğma evimiz oldu. Ailədə dörd qız, bir oğlan qol-qanad açdıq. O evdə cəfakeş valideynlərimizin qayğısı, tərbiyəsi ilə böyüdük. Vətən deyib, doğulduğumuz evə, yerimizə, yurdumuza bağlandıq. Gələcəyə hazırlandıq, həyatı gələ-gələ duyduq, görə-görə öyrəndik, seçdiyimiz ali məktəblərdə sevdiyimiz ixtisaslar üzrə təhsil aldıq. Çəkdiyimiz zəhmətlər də hədər olmadı, cəmiyyətdə öz yerimizi tutduq. Sonralar ən böyük sevincimiz, hərəmiz bir yana pərvazlanandan sonra bir müddət tez-tez ocağımızın başına yığışdığımız günlər oldu...
Biz maarif işığının günəş təki təzəcə çırtlayan şöləsini də evimizdə gördük. İlk olaraq valideynlərimizin məktəbini keçdik, onlardan dərs aldıq. Atam Azərbaycan dili və ədəbiyyat müəllimi kimi peşəsinin vurğunu, fədaisi idi. Onu bütün şagirdləri, rayon camaatı çox sevirdi. Anam da ibtidai sinif müəllimi kimi öz işinin, təlim-tərbiyə metodunun ustadı kimi bu balaca məskəndə hörmət-izzət qazanmışdı. Onlar övladlarını el-obaya, Vətənə layiq vətəndaşlar kimi böyütdülər. Amma nə qədər qayğılarla yüklənib başları iş-gücə qarışdısa da, yaddaşın ağrısı onlara nəfəs dərməyə aman vermədi, gözlərinin qüssəsi çəkilmədi, qəlblərinin köçkünlük yarası bağlanmadı. Ömürləri boyu için-için sızladılar, doğma yerlərinə sarı boylana-boylana qaldılar. Qəlbi uşaqlarının gələcəyindən ötrü böyük arzularla çağlayan atam aran yerinin iqliminə dözə bilmədi, ürəyi xəstəlik tapdı, əlimizin çörəyə çatdığını görmədi. 47 yaşında dünyasını dəyişdi...
Həmin o “könüllü köçürülmə” illərində doğma ocaqlarından didərgin olan minlərlə insanlar düşdükləri ərazilərdə olmazın əzab-əziyyətlərini yaşadılar. İqliminə uyğunlaşa bilməyib, duruş gətirməyənlərin son mənzilə yolu yaxın oldu. Qalanlar dişnən-dırnaqnan özlərinə yuva qurdular. Halal zəhmətlə ailə, külfət qayğısı çəkdilər. Xəyallarında isə elə hey doğma yerlərə sarı qanadlandılar. İllər boyu ürəklərində gəzdirdikləri didərginlik yükünün ağırlığı altında yana-yana yaşadılar. Demə, itkilərin ən ağırı yurd itkisiymiş...
Valideynlərimizin başlarının üstündə tavanları olsun deyə, tikdikləri o kərpic ev bizdən ötrü Vətən oldu. Orada beşiyimiz yırğalandı, anamızın şirin laylasıyla rahatlandıq, böyüdük. Ayağımız yer tutan kimi Vətənin qapısından həyətə, bağ-bağata yüyürdük. Biz boy atdıqca Vətənimiz də böyüdü, böyüdü, Azərbaycan adlı məmləkət oldu...
Ata evindən uzaqda, Bakıda yaşasam da, onu bir an belə unutmadım. Unuda bilmədiyim, daim ruhumda, düşüncəmdə gəzdirdiyim o ev mənim doğma evimdi... Arzularım bu evdə qönçə tutub, puçurlanıb, ləçək-ləçək açılıb, pardaqlanıb. Hələ məktəbli çağlarımda “Şəfəq Səma” imzası ilə rayon qəzetində dərc olunmuş ilk şeirimi, miniatürlərimi - “Anam haqqında nəğmə”ni, “Mənim sevincim”i, “Ulduzlu gecənin romantikası”nı, “Bir cüt qızılgül”ü, “Ulduzlar”ı o evin kərpic divarları arasında yazmışdım. Qəlbimin aynasından süzülən bütün istəklərimin ətrini həmin kərpic evin divarları arasında duymuşdum. Sonralar bütün şüurum, ruhumla bağlandığım bədii, publisist yaradıcılığımın mayası olan bu yazılar mənə yeniyetmə dövrümün ən qiymətli xatirələri oldu. Məndən ötrü şah saraylarından da yaraşıqlı, möhtəşəm olan o kərpic evdə yaşadığım günlərin, ayların yaddaşımda yer aldığı xatirələr vaxt-bivaxt qəlbimi közərdir, ruhumu alışdırır...
Evimiz neçə onilliklər ərzində sel-sulardan uçmadı, yeri-göyü yandıran istilərdən alışmadı, baş verən yeraltı təkanlara, zəlzələyə yıxılmadı, bizə sədaqətini qorudu. Bunlardan hansınınsa evimizi yıxa biləcəyini düşünəndə ürəyim əsir, varlığımı soyuq bir titrəyiş sarır: kərpiclər uçub-tökülsə, xatirələrimiz harada gecələyər… Xatirələrin yuvasını dağılmış görmək, gerçək olanları itirmək yaman ağırdı…
Ötən mayın güllü-çiçəkli bir günündə Beyləqana yol aldım, ata ocağına gəldim. Həyət darvazasından içəri keçər-keçməz ayaqlarım əsdi, qollarım boşaldı... Göz gördüklərindən, ürək duyduqlarından ağrıdı. Həyətimizdəki meyvə ağaclarının sırası seyrəlmiş, quruyanı qurumuş, qalanları sınıq-salxaq görkəmdəydi. Qızılgül kollarının üstündə yarıaçıla butalar başlarını əymiş, vaxtsız solub-ölüşkəmişdilər. Amma həmişə təbiətin bu çağında bağ-bağçamız, evimizin dörd yanı gülüstana dönər, ətrindən bihuş olardıq... Hələ evimiz - arzularımızın böyüdüyü, sıx-sıx xatirələrimizin divarlarında nəqşlər saldığı evimiz əldən düşmüş, yaşamağa taqəti qalmamış kimi yorğun-yorğun mürgüləyirdi...
Evimiz yaman qocalmışdı. Kərpiclər elə bil sıxılıb-yeyilib, yastılanmışdı. İndiki imarətlərin yanında lap cırtdan evlərə oxşayırdı. Evimiz indiki kimi mənə bapbalaca görünməmişdi. Onu belə sakit, küskün də görməmişdim. Bu mənzərə qəlbimi sıxdığından evə keçməyə ürək eləmirdim. Elə bilirdim kandarından içəriyə ayaq qoysam, kərpiclər başıma uçacaq. Vəfasızlığıma, onu tənha buraxdığıma, divarlarına, tavanına istimizi, səsimizi həsrət qoyduğumuza görə məni, elə bacılarımı da ömrünün sonunacan bağışlamayacaq... Qəhərimi boğaraq astadan, qəmgin bir səslə pıçıldadım: Atamsan, anamsan, qardaş-bacımsan, ən qiymətli xatirəm, varidatımsan...
O müqəddəs ocağı, evimizlə bərabər uşaqlığımı, qızılgüllü bağçamı, ulduzlu gecələrimin romantikasını, atalı-analı günlərimi uçurub getmişdim. Nə az, nə çox 47 il əvvəl tərk etdiyim ata ocağıma tələbəlik çağlarında, sonrakı illərdə ara-sıra, qısa vaxtda baş çəksəm də, ona əvvəlki istiliyimi verə bilmədim. İndi o vaxtdan tavanında, divarlarında xatirələrimiz mürgüləyən o evdən bir quruca eksponat qalmışdı: qocalıb əldən düşmüş bir ev, bizim doğma evimiz ...
O evin kərpicləri göz yaşıyla tikilmiş, divarları qəm-kədərlə suvanmışdı. Bəlkə də yurd həsrətinin acısı olan o göz yaşlarının, qəm-kədərin ağrısı onu illərcə yorub yorğun salmışdı. Sıxılıb yeyilmiş kərpic evimiz məndən utanırmış kimi elə bil büzüşüb başını aşağı salmışdı. İstədi qəddini dikəltsin, bacarmadı, görkəmindən, təhər-tövründən xəcalət çəkirmiş kimi sanki özünü gizlətməyə çalışdı. Amma küskünlüyünü də ört-basdır edə bilmədi. Gileyini beli əyilmiş damından, şuxluğunu taqətini itirmiş, qocalmış qapısından, pəncərəsindən, solub-soluxmuş divarlarından oxudum: “Bağışlayın ki, gözünüzdəki əzəmətimi saxlaya bilmədim. Gəlmirsiniz, getmirsiniz, başımın üstündə damım, kərpic kürəklərim həsrətdən ovxalanıb tökülür. Hamınız bir-bir atıb getdiniz məni. İçimdəki xiffətimə, göynərtimə duruş gətirən, bircə o xurmayı tellərini illər içrə ağardan qardaşınız oldu. Mən dilsiz-ağızsız, o da dinməz-söyləməz, axşam-sabah “dil-dil ötürük”. Elə hey keçmişlərdən danışırıq, o günlərin xiffətindən baş-başa verib, xısın-xısın ağlayırıq...
Həmin anlarda düşündüm ki, ürəyimi sıxan bu mənzərənin yaranmasına biz hamımız günahkarıq. İş-gücü, “başımızdan tökülən” qayğıları bəhanə gətirib, bizi pərvazlandıran bu ocaqdan ayrı düşmüş, doğmamızı atıb getmişdik. Bu səbəbdən də əzizlərinin qayğısına, əllərinin sığalına, baxışlarının istisinə həsrət qalan bu evi, bu bağça-bağı sanki küsnət basmışdı...
Ürəyim gizildədi, yenidən doluxsundum. İtən günlərimizin xiffəti varlığımı sardı. İndi bizdən çox-çox uzaqlarda, illərin aşırımlarında itən uşaqlıq çağlarımızın, bu kərpic evdə keçirdiyimiz qaynar həyatımızın arxasınca düşdüm. Yeniyetmə çağlarıma üz tutdum, az qaldım səsimi başıma atıb haray çəkim, doğmalarımı səsləyim: eheyy, haradasınız, səsimə səs verin, sizsiz çox darıxmışam... Bacarmadım, boğazıma dolmuş qəhər boğdu məni. O zaman hafizəmin közərən işığında sevdiklərimlə keçirdiyim bəxtəvər çağlarımı gəzdim, aradım, yaddaşın içiylə arxada qalan uzaq illərə yol aldım... axır ki, ötən günlərimizi haqlaya bildim, gözümlə, könlümlə tapdıqlarıma - valideynlərimə, qardaş-bacılarıma elə möhkəm sarıldım ki...
Ehh... yaddaşıma üz tutanda nələri xatırlamıram. Mənim işıqlı, bənövşə ətirli ipisti anam bu xatirələrin güzgüsündə elə apaydın görünür ki...
Evimizin arxasında anamın təndirxanası vardı. Çırthaçırtla yanan alovun mavi dilimləri gözümün qarşısındadı. Mən onun istisini duyuram. İndinin özündə belə, teşt dolu qıpqırmızı çörəklərin ətrini xatırlayanda bihuş oluram... Ağacların altında, ləklərin arasında anamı torpaqda əlləşən görürəm. Təzəcə dikəlmiş bitkiləri alaqdan təmizlədikcə alnından süzülən muncuq kimi tər damcıları şitillərin üstünə damır... Anam nahar süfrəsi açıb. Hamımızın gözü süfrənin başında əyləşən atamıza dikilib. O, çörəyə əl uzadandan sonra biz də rahatca nahara başlayırıq...
Anam, ay anam... Sənin isti nəfəsini itirəndən sonra qəlbimizə qürub çağının soyuğu, qaranlığı çökdü. Doğma evimizə sıcaq get-gəllərin arası seyrəldi. Ayrılığımıza, soyuqluğumuza dözməyən evimiz sanki küskünlüyün içində qocaldı... İndi o illərin həsrəti qəlbimi göynədir. Bir təsəllim var: Hələ ki, xatirələrimizin yuvası yaşayır. Hələ ki... və nə qədər ki...
Bakıya yol almışam, ruhum isə orada, evimizdə qalıb. Arxamca xırıltılı, qaltanlı səslə için-için ağlayan o ev bizim evimizdi... O səs yandırıb-yaxır, göynədir məni. Həmin ovqatın qapqara tüstüsü, dumanı içində Əhməd Qüdsi Tecərin yaddaşımı ağrıdan misraları qəlbimi köz-köz edir, sızladır məni...
...Orada bir ev var, uzaqda
...Yatmasaq da, qalxmasaq da
O ev bizim evimizdi...
Şəfəq Nasir
Yazıçı-publisist