OĞUZDA SİLAHLI QÜVVƏLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə əklil qoymuş, gül-çiçək düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov çıxşında bildirmişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşmişdir. Müstəqilliyinin ilk illərində ordu quruculuğunda yol verilmiş kobud səhvlər nəticəsində ordu daxili siyasi mübarizəyə cəlb olunmuş, ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr yaradılmışdı. Bu səhvlər son nəticədə torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnmişdir.
Natiq bildirmişdir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılmışdır. Məhz ümummilli liderimiz Heydər Əliyevin imzladığı tarixi Fərmanla hər il iyunun 26-sı ölkəmizdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü” kimi geniş qeyd olunur.
Sonra rayonun hərbi komissarı Rövşən Ədilovun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi ilə bağlı məruzəsi dinlənilmişdir. Məruzə və çıxışlarda bir fikir xüsusi vurğulanmışdır ki, müstəqil dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etməyə və işğal altında olan torpaqlarımızı qısa zamanda mənfur düşməndən azad etməyə tam hazırdır.
Tədbirin sonunda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.