Oktyabrda doğuldu, oktyabrda şəhid oldu...
Bakı, 5 noyabr, AZƏRTAC
Bala Bəhmənli kəndində Rzazadələr ailəsini hamı vətənpərvərlər ailəsi kimi tanıyır. Fərhadın babası Balaca İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərin, atası Mirzə və əmisi Rövşən isə Birinci Qarabağ döyüşlərinin iştirakçısıdır. Özü isə lap uşaqlıqdan hərbçi olmağı arzu edib.
AZƏRTAC xəbər verir ki, Fərhad Rzazadə 2001-ci il oktyabrın 12-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 2018-ci ildə orta məktəbi bitirəndən sonra 2019-cu il oktyabrın 23-də həqiqi hərbi xidmətə çağırılıb. Goranboyun Ağcakənd kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Fərhad uğurlu xidmətinə görə tezliklə oradan Xüsusi Təyinatlı Qüvvələrin sıralarına göndərilib.
O, ötən il sentyabrın 27-də erməni quldur birləşmələrinə qarşı başlanılan əks-hücum əməliyyatlarına Kəlbəcər-Murovdağ istiqamətindən qoşulub. Murovdağ yüksəkliyinin azad olunmasında xüsusi şücaətlik göstərərək düşmənə ağır zərbələr endirib. İlk günlər Kəlbəcərdə döyüşərək bir neçə mövqenin düşməndən təmizlənməsində iştirak edib. Oktyabrın ilk günlərində Füzuli istiqamətində gedən döyüşlərə qatılıb.
Fərhad cəbhə xəttinə gedərkən Bala Bəhmənli kəndində “Dördyol” adlandırılan yolayrıcından keçərkən atasını görüb. Telefonda atasına zəng edib, lakin texniki səbəbdən danışığı yarımçıq qalıb. Bu, ata-balanın son telefon danışığı olub...
Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Cəbrayılın Daşkəsən kəndinin azad edilməsi uğrunda olub. Döyüş yoldaşlarının dediyinə görə, oktyabrın 3-nə keçən gecə onlara mühüm tapşırıq verilib. Xüsusi təyinatlı əsgərlər tapşırığı uğurla yerinə yetirsələr də, itki də veriblər. Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində şəhid olanlardan biri də Fərhad Rzazadə olub. Onu oktyabrın 14-də doğma Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırıblar.
O, şəhidliyə yüksələndən sonra övlad itkisinə dözə bilməyən anası Süsən də xəstələnib və 23 gün sonra vəfat edib. İndi kənd qəbiristanlığında ana-balanın məzarı yanaşıdır.
Mirzə Rzazadə deyib: “Ailəlikcə hamımız yurdsevər, torpaqcanlı böyümüşük. Fərhadin özündən iki böyük qardaşı da Vətən müharibəsində iştirak ediblər. Mən də, qardaşım da ötən əsrin 90-cı illərində torpaqlarımızı yağı düşməndən qorumaq üçün silaha sarılmışdıq. Lakin şəhid olmaq oğlumun qismətinə düşdü. Bütün şəhid valideynlərinə səbir diləyirəm.
Onu da deyim ki, dövlətimiz bizi hər cür qayğı ilə əhatə edib. “YAŞAT” Fondu və Heydər Əliyev Fondu bizə vəsait ayırıb. Rayon icra hakimiyyəti dəfələrlə ailəmizi müxtəlif ərzaq yardımları ilə təmin edib. Bizə göstərilən bu münasibətdən çox razıyıq”.
Fərhad Rzazadə şəhadətindən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.