Ölkəmizdə gənclərin təhsilinə dövlət tərəfindən xüsusi diqqət yetirilir
Bakı, 2 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Gənclər Günü Azərbaycanda 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsdiq olunub. Dünyada isə 1998-ci il ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib. Vurğulanıb ki, gənclərin təhsil almasına və elmə yiyələnməsinə dövlət tərəfindən daim xüsusi diqqət yetirilir. İnstitutda da gənclər həmişə diqqət mərkəzində olublar. Son 20 ildə yüzə yaxın gənc elmi-tədqiqat işlərinə cəlb edilib, onlarla gənc tədqiqatçı dünyanın tanınmış elmi mərkəzlərinə öz təhsillərini davam etdirmək və ya ixtisaslaşma məqsədilə göndərilib. Hazırda institutun on əməkdaşı xarici universitetlərdə doktorantura və postdoktorantura səviyyələrində təhsillərini davam etdirir. İnstitutun 2015-ci ildən fəaliyyət göstərən Təhsil şöbəsində magistraturanı 4 ixtisas üzrə ümumilikdə 25 nəfər tələbə bitirib və 13 magistrant isə təhsilini davam etdirir.
Zeynal Əkpərov milli genofondun beynəlxalq təcrübələrə uyğun səviyyədə tədqiqatı və mühafizə edilməsi istiqamətində ölkənin bioloji elmlər sahəsində inkişafının dayanıqlığına institutun gənc alim və mütəxəssislərinin öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.
İnstitutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vəli Qarayev ölkəmizdə gənclərə dövlət qayğısının həmişə yüksək olduğunu bildirib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.