“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Yasamal məktəbliləri Naxçıvana yola düşüblər
Bakı, 15 mart, Əziz Məmmədov, AZƏRTAC
Martın 15-də Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan şəhərinə yola salınıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına səyahətdə Yasamal rayonunun məktəblərinin IX-XI siniflərində təhsil alan 27 şagirdi iştirak edir. Məktəblilər 3 gün ərzində Naxçıvanın tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Məktəbli Fidan İbrahimova layihənin əhəmiyyətindən danışaraq deyib: “Ölkəmizi tanıyaq” devizi ilə reallaşdırılan maarifləndirici tur-aksiya biz gənclərin yaddaşında silinməz izlər buraxacaq. Biz tarixi yerləri görəcək, onlar haqqında məlumatlar əldə edəcəyik. Bu layihə çərçivəsində ölkəmizdə gedən inkişaf proseslərinin əyani şahidi olacağıq. Bu şəraiti bizə yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq”.
Yolasalma mərasimi konsert proqramı ilə davam edib.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvana ekskursiya Yasamal məktəbliləri tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb. Yolasalma mərasimi Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən şagirdlər Naxçıvan şəhərinə bayram sovqatları ilə yola düşüblər.