ÖLKƏMİZİN DÖVLƏT SƏRHƏDLƏRİ ETİBARLI SURƏTDƏ QORUNUR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət sərhədinin mühafizəsi yüksək səviyyədədir və ötən ay dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərən 54 nəfər sərhəd pozucusu saxlanmışdır. Onların 26-sı İran, 15-i Azərbaycan, 5-i Gürcüstan, 3-ü Türkiyə, 2-si İraq, qalan üçü isə Rusiya, Əfqanıstan və Pakistan vətəndaşlarıdır.
Sərhəd rejimi qaydalarını pozduğu üçün 10 halda 16 nəfər Azərbaycan vətəndaşı, vizaları olmadığı üçün 65 halda 108 nəfər (23-ü İran, 17-si Türkiyə, 12-si Çin, 8-i İraq, 6-sı Pakistan, 5-i Azərbaycan, 5-i Özbəkistan, 4-ü Hindistan, 3-ü İordaniya, 3-ü Malayziya, 3-ü Türkmənistan, 2-si Filippin, 2-si İsrail, 2-si Liviya, 2-si Rusiya, hər ölkədən bir nəfər olmaqla Almaniya, Böyük Britaniya, Fransa, İndoneziya, İtaliya, Qazaxıstan, Livan, Nigeriya, Oman, Səudiyyə Ərəbistanı və Vyetnam vətəndaşı), vizalarının müddəti qurtardığı üçün 20 nəfər (6-sı İran, 4-ü Türkiyə, 3-ü Böyük Britaniya, 2-si Fransa, 2-si Kanada, hər ölkədən bir nəfər olmaqla Almaniya, Boliviya və İsrail vətəndaşı), müvafiq sənədləri olmadığına görə 19 nəfər (7-si Azərbaycan, 5-i Rusiya, 3-ü İran, 2-si Qazaxıstan, hər ölkədən bir nəfər olmaqla Almaniya və Bosniya-Herseqovina vətəndaşı) saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Axtarışda olan 70 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə nəticəsində ay ərzində 7 halda 54 kiloqram 188 qram narkotik maddənin dövlət sərhədlərimizdən keçirilməsinin qarşısı alınmışdır.
Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Azərbaycana məxsus 11 qayıq saxlanılaraq baxış keçirilmiş, sərhəd-rejim qaydalarını pozduğu üçün 3 qayıqda 7 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində 65 halda ümumi dəyəri təxminən 216 min 971 manat olan qaçaqmalı saxlanılmışdır.
Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.