OMBUDSMAN HACIQABULDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə bu günlərdə səfər etdiyi Hacıqabul rayonunda ictimai dinləmələr keçirmişdir.
İctimai dinləmədə bu bölgə üzrə seçilmiş millət vəkili Rafael Hüseynov, Hacıqabul rayonunun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak etmişlər.
Müvəkkil MFP-nin təsdiq edilməsindən ötən müddətdə bu sahədə xeyli iş görüldüyünü, müxtəlif qurumlarla müntəzəm olaraq müzakirələr aparıldığını, sənədin tətbiqi ilə bağlı ölkəmizin bütün rayonlarını əhatə etməklə, doqquz regionda ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırmışdır.
E.Süleymanova vətəndaşların seçki hüququnun təmin olunması ilə bağlı gördüyü işlər, bölgələrdə bu istiqamətdə keçirilmiş treninq-seminarlar barədə ətraflı məlumat vermişdir.
Milli Məclisin deputatı Rafael Hüseynov ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində göstərilən səylər, regionların sosial-iqtisadi inkişafı, Azərbaycanda milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və bu qanunların böyük hissəsinin insan hüquqlarının daha səmərəli gerçəkləşdirilməsi ilə bağlı olması barədə danışmışdır.
Milli QHT Forumu idarə heyətinin sədri A.Kərimov Milli Fəaliyyət Planının həyata keçirilməsi sahəsində vətəndaş cəmiyyəti qarşısında duran vəzifələr barədə məlumat vermişdir.
Ombudsman səfər çərçivəsində Hacıqabul Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, hüquq pozuntuları, saxlanılanlara qarşı kobud rəftar aşkar edilməmişdir.
Növbəti ictimai dinləmənin Şirvan rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.