Ombudsman işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrində yaradılmış vəziyyətlə tanış olub
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ərəfəsində silsilə maarifləndirmə tədbirləri davam etdirilir. “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilmiş tədbirlər Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda təşkil olunub.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbirlərin davamı kimi növbədənkənar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə bağlı ümumi vəziyyətin araşdırılması üçün ölkəmizin işğaldan azad edilmiş ərazilərində insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva tərəfindən müşahidələr həyata keçirilib.
Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı müvəkkil növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olub, məntəqələrdə seçici siyahılarına baxış keçirib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən tədbirlər, seçki hüququnun təmini istiqamətində görülən işlərlə maraqlanıb.
Ombudsman öz doğma torpaqlarına geri qayıtmış vətəndaşlarla da görüşüb, seçki prosesi, seçicilərin hüquqları, vəzifələri və digər məsələlər barədə müzakirələr aparıb.
İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığı müşahidə olunub.
Sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət daşıyan prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.