OMBUDSMAN ŞƏKİDƏ SEÇKİLƏRLƏ BAĞLI REGİONAL SEMİNAR KEÇİRMİŞDİR
Seminarı giriş sözü ilə açan insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycanda demokratik və hüquqi dövlətin bərqərar olmasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsində qarşıdan gələn parlament seçkilərinin nəticələrinin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmiş, əsas Konstitusiya hüquqlarından olan seçki hüququnun mahiyyəti, əhəmiyyəti və rolu barədə məlumat vermişdir. Seçkilərin azad, şəffaf və demokratik keçirilməsində Prezident İlham Əliyevin 11 may 2005-ci il tarixli “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Sərəncamının müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdıran ombudsman yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə zidd müdaxiləsinin, siyasi mənsubiyyətinə görə namizədlərin və seçicilərin hüquqlarının pozulmasının yolverilməzliyini xüsusi qeyd etmişdir.
Seminarda Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İradə Hacıyeva və Daxili İşlər Nazirliyinin əməkdaşı Akif Rüstəmov çıxış edərək, seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərə şəxsiyyət və seçici vəsiqələrinin verilməsi, səsvermə qaydaları, namizədlərin təşviqatı üçün bərabər şəraitin yaradılması, müşahidəçilərin hüquq və vəzifələri, seçkilərə hazırlıq dövründə və səsvermə günü polis orqanları tərəfindən ictimai asayişin mühafizə olunması və digər məsələlər barədə məlumat vermiş, tövsiyələrini bildirmişlər.
Seminarın sonunda dairə seçki komissiyaları sədrlərinin və yerli icra hakimiyyəti və polis orqanları əməkdaşlarının seçkilərə hazırlıqla bağlı məlumatları dinlənilmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.