Ombudsman təsisatı ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Vladimir Georgiyev ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi BMqT və Ombudsman Aparatının qarşılıqlı əməkdaşlığı çərçivəsində miqrantların insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin müəyyən edilməsi, həlli yollarının tapılması, bu sahədə strateji prioritetlərin və innovasiyaların tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub. Bundan başqa, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi sahəsində müzakirələr aparılıb.
E.Süleymanova Vladimir Georgiyevi təyinatı münasibətilə təbrik edib, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının tənzimlənməsi ilə bağlı bir sıra işlər görüldüyünü, o cümlədən son illərdə miqrantların hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər edildiyini və institusional sahədə bir sıra tədbirlər həyata keçirildiyini qeyd edib. Müvəkkil son dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən yeni yanaşmalar tətbiq edilməklə görülən işləri xüsusi vurğulayaraq, müsbət nəticələrin əldə edildiyini, o cümlədən bu Xidmətlə yaradılmış sıx əməkdaşlıq sayəsində miqrantların hüquqlarının daha səmərəli həyata keçirilməsinə nail olunduğunu bildirib.
Söhbət zamanı ombudsman təsisatı ilə BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən BMqT arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu qeyd edilib. Əməkdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi”, ”Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” kimi layihələr xüsusi vurğulanıb.
Görüşdə miqrantların hüquqlarının müdafiəsi sahəsində ombudsman təsisatının gördüyü işlər barədə qonağa məlumat verilib.
Söhbət zamanı müvəkkil dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri və yerli icmalar da cəlb edilməklə bu istiqamətdə paytaxt və regionlarda, həmçinin sərhəd-buraxılış məntəqələrində birgə hüquqi maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini, ölkədə və dünyada miqrasiya üzrə baş verən yeniliklərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, həmçinin Azərbaycan Respublikası vətəndaşlarına çatdırılması məqsədilə birgə hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını, qanunsuz miqrantların saxlanma yerlərində saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial tədbirlər keçirilməsini təklif edib.
Görüş çərçivəsində hazırda ölkəmizdə hazırlanmaqda olan “2019-2023-cü illər üzrə beynəlxalq miqrasiyanın idarəedilməsinə dair Azərbaycan Respublikasının Strategiyası”, “2019-2024-cü illər üzrə Azərbaycan Respublikasının Miqrasiya üzrə Milli Strategiyası”, o cümlədən də “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın insan hüquqları kontekstində həyata keçirilməsi üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.
V.Georgiyev ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu söyləyib, habelə görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını qeyd edib.