OMBUDSMAN TƏSİSATINDA YENİ HÜQUQİ NƏŞRLƏRİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Ombudsman Aparatında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə tərçümə olunaraq çap edilmiş iki kitabın-“Hüquq müdafiəçiləri: insan hüquqlarını müdafiə etmək hüququnu qoruyarkən” və “İnsan hüquqları üçün yeni mərhələ” nəşrlərinin təqdimatı keçirilmişdir.
Tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının eksperti Kyaran O’Maoleyn və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəsi Vladlen Stefanov, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Aparatdan AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova insan hüquq və azadlıqlarının qorunmasının demokratik və hüquqi dövlətin möhkəmlənməsində əsas amillərdən biri olduğunu diqqətə çatdırmış, ölkəmizdə insan hüquqları sahəsində görülən işləri, maarifləndirmənin əhalinin hüquqi biliklərinin artırılmasında rolunu, çap materiallarının əhəmiyyətini xüsusi vurğulamışdır.
Tədbirdə kitablar haqqında ətraflı məlumat verilmişdir.