Ömrün diplomatik fəaliyyətdə keçən 53 ili
Aşqabad, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Türkmənistanda və Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin 80 yaşı tamam olur.
Vəhdət Sultanzadə ömrünün 53 ilini diplomatiya işinə sərf edib. Prinsipiallıq, Azərbaycan dövlətinin və xalqının maraqları ilə bağlı məsələlərdə qətiyyət göstərmək peşəkar diplomatın karyerasında həmişə birinci dərəcəli vəzifə olub. O, diplomatik fəaliyyətə ötən əsrin 70-ci illərindən başlayıb. Hələ o dövrdə İran, Türkiyə, Mərakeş və bir sıra digər
ölkələrdə çalışan gənc və istedadlı şərqşünas V. Sultanzadənin diplomatik keyfiyyətləri özünü göstərməyə başlayır. Onun bu keyfiyyətləri o vaxtlar Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin diqqətini cəlb edir. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb müstəqil Azərbaycanı fəlakətlərdən xilas etdiyi, inkişaf yoluna çıxardığı dövrdə də V.Sultanzadə Ümummilli Liderin rəhbərliyi altında diplomatik işlə məşğul olur.
Prezident İlham Əliyevin Sərəncamı ilə Vəhdət Sultanzadə 2010-cu ildə Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilir. Dövlətimizin başçısının digər Sərəncamı ilə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilir.
Azərbaycan ilə Türkmənistan arasında siyasi, iqtisadi, ticari əlaqələrin inkişafı, dostluq münasibətlərinin möhkəmlənməsi məsələləri səfirin daim diqqətdə saxladığı prioritet istiqamətlərdir. Bu il təcrübəli diplomata daha bir etimad göstərilib. O, dövlətimizin başçısının Sərəncamı ilə eyni zamanda Əfqanıstan İslam Respublikasında da fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Vəhdət Sultanzadə məqalələrinin birində diplomatiya haqda yazır: “Xarici siyasət və diplomatik fəaliyyət çoxşaxəlidir və bir çox xüsusiyyətlərə malikdir. Onları bir məqalədə əhatə etmək mümkün deyil. Mən yalnız mürəkkəb, olduqca maraqlı, həyati əhəmiyyətli, intellektual məzmunla zəngin olan sahələri açıqlamağa çalışmışam. Mən qətiyyətlə əmin edirəm ki, heç kəs diplomat doğulmur, diplomat olur. Diplomatın əsas xüsusiyyəti öz ölkəsinə sədaqətli, xalqı qarşısında məsuliyyətli olmasıdır. O, həmçinin təmkinli, soyuqqanlı olmalı, zəhmətsevərliyi ilə seçilməli və daim özünü təkmilləşdirməyə, biliklərini zənginləşdirməyə, dünyagörüşünü genişləndirməyə, dövlətinin milli maraqlarını müdafiə etməyə çalışmalıdır”.
Diplomatik etiketlərdən danışanda deyirlər ki, diplomat hər bir ekstremal vəziyyətdə maksimum təmkinli olmalı, öz hisslərini vaxtında cilovlamağı bacarmalı, düzgün qərar qəbul etməlidir. Vəhdət Sultanzadəni tanıyanlar bu məziyyətlərin onda güclü olduğunu söyləyirlər.
Peşəsinin vurğunu olan V.Sultanzadə öz təcrübəsini gənc diplomatlara həvəslə öyrədir və özünün də öyrəndiyini söyləyir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad