“On İki Həvari Kvorumu”nun üzvü Azərbaycandakı tolerantlıq mühitini təqdir edib
Bakı, 8 oktyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-a səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü David Bednar ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə R.Məmmədov ölkəmizdəki dini mühit barədə məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq ölkəmizdə dini icmalara davamlı maddi və mənəvi dəstək göstərilir. İşğaldan azad olunmuş ərazilərdə məscid və kilsələrin bərpası Azərbaycanın dövlət-din münasibətlərindəki nümunəvi təcrübəsini bir daha sübut edir. Dini qurumlarla əməkdaşlıq siyasətinin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşmanın, həmrəyliyin, mənəvi dəyərlərin qorunması və təşviqidir. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycandakı uğurlu fəaliyyətinə diqqət çəkən Ramin Məmmədov görüş iştirakçılarını dini icmaya məxsus kilsənin açılış mərasiminə dəvət edib.
David Bednar Azərbaycanın sülh quruculuğu və dinlərarası dialoq prosesindəki roluna toxunaraq, ölkəmizdə təkcə ənənəvi dinlərin yox, onların müxtəlif qollarının mənsublarına da sərbəst şəkildə ibadət etmək imkanının yaradılmasını yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, Azərbaycanda dini konfessiyalara münasibət, tarixi-dini abidələrin bərpasına göstərilən xüsusi diqqət, dinlərarası dialoq mövzusunda təşkil olunan beynəlxalq konfranslar dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını təcəssüm etdirir.
Görüşdə əməkdaşlıq perspektivləri, beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği barədə fikir mübadiləsi aparılıb.