MƏDƏNİYYƏT
“Onun sevgi məktubları” müasir Azərbaycan ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Bayatı” kitab mağazasında Milli Məclisin deputatı, yazıçı-publisist Qənirə Paşayevanın “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Onun sevgi məktubları” kitabının “imza günü” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AYB-in katibi Rəşad Məcid kitab haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, “Onun sevgi məktubları” müasir Azərbaycan ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir.
Müəllif real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni və kitabda nəql olunan sevgi hekayəti ilə oxucusuna Həzrəti Mövlana sevgisini təlqin etmək istədiyi bildirilmişdir.
Ədəbiyyat mühiti icərisində böyümüş Qənirə xanımın əxlaqı, dünyagörüşü ilə öz sələflərinin xələfi olduğunu vurğulayan filologiya elmləri doktoru Qəzənfər Paşayev onun siyasi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq sahəsində ilk qədəm təcrübəsi olan əsərini yüksək qiymətləndirdiyini bildirmişdir.
AYB-in müşaviri Rauf Aslanoğlu təmsil etdiyi ədəbi qurumun adından müəllifi təbrik etmiş, keçən ayın ən oxunaqlı kitabı olan əsəri yüksək qiymətləndirmişdir.
“Elm və təhsil” nəşriyyatının direktoru, filologiya elmləri doktoru Nadir Məmmədli gənc oxucular tərəfindən rəğbətlə qarşılanmış əsəri “sevgi balladası” adlandırmışdır.
Tədbirdə Qənirə Paşayeva kitabı alan və imzalatdırmaq istəyən oxucularla əsər ətrafında fikir mübadiləsi və müzakirələr aparmış, onları maraqlandıran sualları cavablandırmışdır.
Müəllif bildirmişdir ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə həyat yoldaşını itirmiş, üçuşaqlı, kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcəkdir.
Sonra Q.Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, öz imzası ilə kitablarını oxuculara təqdim etmişdir.