Ötən il Ağcabədidə yeni ailə qurmaq istəyən 22 nəfərdə talassemiya xəstəliyinin daşıyıcısı aşkarlanıb
Ağcabədi, 23 yanvar, AZƏRTAC
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, 2018-ci ildə Ağcabədidə 1740 nəfər müayinə olunub.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim hematoloqu Nərmin Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xəstəxana skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin edilib. Götürülmüş qan nümunələri Bakı şəhərinə xüsusi qan xidməti avtomobilləri ilə çatdırılır.
Nikaha daxil olmaq istəyən şəxslər rayon mərkəzi xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçirlər. Ötən il aparılan müayinələr zamanı 22 nəfərdə talassemiya xəstəliyinin daşıyıcısı aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılırlar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alırlar.
Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir.