REGİONLAR
Ötən il Naxçıvanda 11 minə qədər daşınmaz əmlak dövlət qeydiyyatına alınıb
Naxçıvan, 7 yanvar, AZƏRTAC
Ötən il ərzində Naxçıvan Muxtar Respublikası üzrə 10 min 880 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi göstəricinin 3 min 684-ü ilkin, 7 min 196-sı təkrar qeydiyyatın payına düşüb.
Qeyd olunan dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin 4 min 249-u fərdi yaşayış evi, 4 min 28-i torpaq sahəsi,1902-si mənzil, 332-si qeyri-yaşayış sahəsi, 264-ü qeyri-yaşayış binası, 101-i əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Hesabat ilində təkcə Naxçıvan şəhəri üzrə 4 min 971 əmlak qeydiyyata alınıb ki, bu da ümumi göstəricinin 45,6 faizini təşkil edir, qalan 54,4 faiz isə muxtar respublikanın rayonlarının payına düşür.
Yanvar-dekabr aylarında 8006 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin göstəricisindən 40,3 faiz çoxdur. Həmin əmlaklardan 3 min 418-nə dair texniki pasport, 4 min 588-nə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.
Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3 min 804 arayış verilib, 4 min 894 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsilə notariat ofislərinə təqdim edilib. Bu dövrdə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 1096-ya çatıb.