ÖTƏN İL SALYANIN SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ YÜKSƏK OLMUŞDUR
Salyan, 20 fevral (AZƏRTAC). Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 2008-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov bildirmişdir ki, 2008-ci ildə məhsul satışından və xidmətindən əldə olunmuş gəlir 2007-ci ilə nisbətən 31 milyon 327 min manat və ya 17,4 faiz artaraq 211 milyon 627 min manata çatmışdır. O cümlədən, sənaye məhsulu 810 min manat artaraq 32 milyon 978 min manat, investisiya qoyuluşu 8 milyon 555 min manat artaraq 16 milyon 657 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1 milyon 241 min manat artaraq 46 milyon 801 min manat, poçt və rabitə xidməti 12 min manat artaraq 406 min manat, pərakəndə satış 17 milyon 292 min manat artaraq 91 milyon 190 min manat, pullu xidmət 4 milyon 385 min manat artaraq 18 milyon 490 min manat təşkil etmişdir. Bir nəfərə düşən orta aylıq əmək haqqı 172 manata yüksəlmişdir. Bu isə ötən ilin müvafiq dövründəkindən 24 manat çoxdur.
Hesabat ilində dövlət vəsaiti ilə 200 şagird yerlik Qardili kənd məktəbi, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Təzəkənd kənd məktəbində 140 yerlik 7 əlavə sinif otağı, “Salyan OYL” LTD Əməliyyat Şirkətinin yardımı ilə Qarabağlı-2 kənd məktəbində yeni idman zalı və idman meydançası tikilib istifadəyə verilmişdir.
Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədilə mərkəzi rayon xəstəxanasının əsas korpusu, urologiya şöbəsi və doğum evləri, gigiyena və epidemiologiya mərkəzinin bakterioloji laboratoriyası əsaslı təmir olunmuş, Yolüstü, Kərimbəyli, Yeni Uluxanlı, Çuxanlı, Bəydili və Yuxarı Noxudlu kənd həkim ambulatoriyaları inşa edilmişdir.
Bildirilmişdir ki, 2008-ci ildə rayonda 1453 daimi iş yeri istifadəyə verilmişdir. Gündəlik istehsal gücü 50 min kərpic olan "Şirvan LTD", 60 min kərpic olan "Azər Çin"Məhdud Məsuliyyətli cəmiyyətlərinin (MMC) kərpic, istehsal gücü 150 ton olan "Hacı Camalxan" kəndli fermer təsərrüfatının konserv zavodlarının tikintisi başa çatmışdır. İstehsal gücü saatda 30 kubmetr olan oksigen emalı sexində, "Ələddin-fermer" MMC-nin 6 min tonluq və "NNEM Fermer Təsərrüfatı" MMC-nin 10 min tonluq soyuducu kamera və tara sexlərində son tamamlama işləri görülür.
Azərbaycan Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" 2007-ci il 20 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar rayonun Ərəbqardaşbəyli, Xocalı, Seyidsadıqlı, Yuxarı Noxudlu, Aşağı Noxudlu, Aşağı Kürkənd, Gomuşlu və Xalac kəndlərində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir. Marışlı, Kürqaraqaşlı, Çuxanlı, Sarvan, Abadkənd, Yenikənd, Boranıkənd və Qarabağlı kəndlərində isə sutəmizləyici qurğuların tikintisinə başlanmışdır.
Aqrar sahənin inkişafına toxunan məruzəçi bildirmişdir ki, 2008-ci ildə zəmilərin hər hektarından 30,6 sentner məhsul götürülməklə 55094 ton taxıl istehsal edilmişdir. Bu, əvvəlki illə müqayisədə 1174 ton coxdur.
2008-ci ildə rayonda 2379 ton dən üçün qarğıdalı, 2730 ton kartof, 8231 ton tərəvəz, 2554 ton meyvə tədarük edilmişdir. 2007-ci illə müqayisədə ət istehsalı 70,3 ton artaraq 7014,5 tona, süd istehsalı 317,5 ton artaraq 40509,8 tona, yumurta istehsalı 57 min ədəd artaraq 21579 min ədədə, yun istehsalı 3,9 ton artaraq 376,8 tona çatdırılmışdır.
Şura iclasında çıxış edənlər ötən ilin uğurlu iqtisadi göstəricilərini xatırlatmaqla yanaşı, 2009-cu ildə qarşıya qoyulan vəzifələrin də layiqincə yerinə yetiriləcəyini bildirmişlər.
Yığıncaqda Milli Məclisin deputatları Fəzail Ağamalı və Əkrəm Abdullayev çıxış edərək, Azərbaycan dövlətinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların sənədlərində də təsdiqləndiyi kimi, dünyada bənzəri olmayan iqtisadi yüksəlişə nail olmasını faktlarla açıqlamış, ölkə başçısının dönmədən həyata keçirdiyi sosialyönümlü siyasətin xalqın maddi rifahını daha da artıracağını vurğulamışlar.
Tədbirdə Prezidentin İcra Aparatının məsul işçisi Dəyanət Abdullayev çıxış etmişdir.
Yığıncaq iştirakçıları rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.