ÖTƏN İL TOVUZDA YÜKSƏLİŞ İLİ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, fevralın 22-də Tovuz Rayon İcra Hakimiyyətinin 2006-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Hesabat yığıncağından əvvəl rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil, tər çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Həmid Bağırovun hesabat məruzəsində göstərilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı Tovuz rayonunda da uğurla həyata keçirilir. Ötən müddətdə rayonda 1602 yeni, o cümlədən 1252 daimi iş yeri açılmışdır. Bu, yeni işə salınan, fəaliyyəti bərpa edilən müəssisələrin hesabına başa gəlmişdir.
Hesabat ilində rayonda 17,3 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 452 yeni sosial təyinatlı obyekt, xidmət sahələri tikilib istifadəyə verilmişdir.
Hesabat ilində rayonda 137,9 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 1,7 faiz çoxdur. Rayonda sahibkarlığın və biznesin inkişafına yardım üçün müxtəlif maliyyə mənbələri, maliyyə qurumları hesabına 501,3 min manat və 1,8 min ABŞ dolları həcmində müxtəlif müddətlərə kreditlər verilmişdir. Bundan əlavə, Sahibkarlığın İnkişafına Kömək Milli Fondunun vəsaiti hesabına 12 layihə üzrə 426 min manat həcmində kredit ayrılmışdır.
Natiq rayonda təhsil, səhiyyə və mədəniyyət məsələlərindən də danışmış və qeyd etmişdir ki, ötən il Dövlət Proqramına əsasən, Kirən kəndində 260 şagird yerlik məktəb binası tikilərək istifadəyə verilmiş, 6 məktəbdə əsaslı təmir işləri aparılmış, 5 məktəbdə isə əlavə sinif otaqları tikilmişdir. Bundan əlavə, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Alakol və Əsrik Cırdaxan kəndinin hər birində 200, Cəlilli kəndində isə 240 şagird yerlik məktəb binaları tikilərək istifadəyə verilmişdir. Məktəblərə 317 kompyuter dəsti verilmişdir.
Çıxış edən natiqlər hesabat məruzəsinə öz münasibətlərini bildirmişlər.
Yığıncaqda Ali Məhkəmənin sədri Ramiz Rzayev iştirak etmişdir. Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.