Ötən il Türkdilli ölkələrin ixracında artım olub
Bakı, 16 noyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir və bu rəqəm 2019-cu ilin dünya üzrə mal ticarət dövriyyəsi (Merchandise Trade) ilə müqayisə etdikdə 2,8 faizdən çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayhan Satıcı deyib.
O bildirib ki, Təşkilatın iqtisadi əsasları onun sosial və mədəni təməlləri ilə əlaqədədir. Türkdilli xalqların dil ümumiliyini, tarixi-coğrafi məkanını, əxlaq birliyini, el sənətlərinin ümumiliyini, geoiqtisadi əlaqələrin varlığını zəruri edən amillər vardır. Bu zəruri amilləri milli genetik birlik, mental dəyərlər bazasında qloballaşma və regionlaşma çağırışları daha da aktuallaşdırır. Buna misal olaraq TDT-ni qeyd etmək olar. Türkdilli xalqların tərəfdaşlığı və əməkdaşlığı çərçivəsində sözügedən təşkilat regionda və dünyada sülhün, təhlükəsizliyin və stabilliyin təmin edilməsini hədəfləyir.
Türk Dövlətləri Təşkilatının geoiqtisadi vəziyyəti
6 müstəqil Türk dövlətləri birlikdə 4,7 milyon kvadratkilometr ərazini əhatə edir. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı ölkələrinin ərazisi ümumilikdə 4 milyon kvadratkilometrdir. Həmçinin 6 müstəqil Türk dövlətləri birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir. Türkdilli xalqların iqtisadi göstəricilərinə, o cümlədən ÜDM alıcılıq qabiliyyəti pariteti ilə hesablamalara nəzər yetirsək Türkdilli müstəqil dövlətlər birlikdə 3,4 trilyon dollardan daha çox statistik göstəriciyə sahibdir. Belə ki, dünya üzrə ÜDM alıcılıq qabiliyyəti pariteti 132,6 trilyon dollar ətrafındadır. Türk dünyası ölkələrinin payı bu nisbətdə 2,6 faizdir.
Türk dünyası ölkələrinin tarixi “İpək Yolu” üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində önəmli rola malik olmağa şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard dolların üzərindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi Təşkilatın regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard dollar təşkil edir və bu rəqəm 2019-cu ilin dünya üzrə mal ticarət dövriyyəsi (Merchandise Trade) ilə müqayisə etdikdə 2,8 faizdən çoxdur. Həmçinin 6 müstəqil Türkdilli ölkələrin idxal üzrə mal ticarət dövriyyəsinin dünya üzrə nisbəti 2016-cı ildən ümumi 1,58 faizdən 1,65 faizə qədər yüksəlib. Bu rəqəm ixrac üzrə 2016-cı ildə 1,35 faiz yaxud 234 milyard dollar idisə, 2020-ci ildə 1,43 faiz yaxud 252 milyard dollar olub.
Türk Dövlətləri Təşkilatının təbii ehtiyatları
TDT ölkələri geoiqtisadi əlaqələri və əlverişli coğrafi mövqeyi ilə yanaşı təbii ehtiyatların zənginliyi ilə də digər təşkilatlar və birliklərdən fərqlənir. Əsas neft yataqları, təbii qaz, kömür, dəmir filizi və bu kimi digər təbii ehtiyatlar ilə zəngin olan Türk Dövlətləri Təşkilatı ölkələri hər zaman enerji, nəqliyyat, logistika və sair bu kimi regional və qlobal layihələrin bir hissəsi olub. Türk dünyasının müstəqil ölkələrinin ümumilikdə neft ehtiyatı 35,8 milyard barel təşkil edir. Əlavə olaraq, Türk dünyasının müstəqil ölkələri arasında təbii qaz ehtiyatları ilə zəngin ölkələr Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı göstərmək mümkündür. Belə ki, bu ölkələr 19,2 trilyon kubmetr qaz ehtiyatına malikdir və bu rəqəmi dünya təbii qaz ehtiyatı ilə müqayisə etdikdə 10,2 faizdən çoxdur.
Türk Dövlətləri Təşkilatının İqtisadi Əməkdaşlığı
Təşkilatın sıx əlaqələr qurması və regional inteqrasiyası qlobal iqtisadi böhran fonunda baş tutub. İlk olaraq, dünya ticarəti mərkəzi qərbdən şərqə dəyişən bir zamanda bu təşkilatının yaranması Türkdilli ölkələrin yerləşdiyi coğrafiyanın ticarət koridoru olaraq önəminin artmasına səbəb olub. Həmçinin böhranın nəticəsi olaraq dövlətlər mərhələli olaraq proteksionist ticarət siyasətini qəbul etməyə başlayıb və Türkdilli ölkələr qlobal səviyyədə başlayan qütbləşmənin təsirindən TDT-nin yaranması və iqtisadi əməkdaşlığın artması ilə minimal təsir ilə davam ediblər. Əlavə olaraq, Azərbaycan və Qazaxıstan kimi neft və qaz ilə zəngin ölkələrin Təşkilatın enerji təhlükəsizliyini təmin etməsi və enerji mənbələrinin şaxələndirilməsində rolu iqtisadi əməkdaşlığı dərinləşdirir. Belə ki, daxili və xarici siyasətində azad olmağa çalışan türk ölkələri öz aralarında ticarət əlaqələrini artırmaq üçün iqtisadi olaraq xarici güclərdən asılılığı yox etməyi hədəf götürüb. Bu səbəbdən Türk Dövlətləri Təşkilatının ilk görüşü “iqtisadi əməkdaşlıq” mövzusuna həsr edilib.