Özbək sənətçilər Bakı teatrının səhnəsində
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıya qastrola gəlib.
AZƏRTAC xəbər verir ki, vokal və balet truppaları, xor və simfonik orkestrdən ibarət 179 nəfərlik heyət paytaxtımıza teatrın repertuarından iki əsər - “Humo” baletini və “Riqoletto” operasını gətirib.
Özbəkistanlı sənətçilər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının çıxış ediblər.
Qonaq kollektiv noyabrın 16-da Özbəkistanın Əməkdar incəsənət xadimi, bəstəkar və dirijor Ənvər Erqaşovun (1954-2021) “Humo” baletini (dirijor Əzəmxan Əhmədov) təqdim edib.
Qeyd edək ki, baletin quruluşçu baletmeysteri Gürcüstanın Xalq artisti Georgi Aleksidze, baletmeysteri Özbəkistanın Əməkdar artisti Nazimə Həsənova, quruluşçu rəssamı Özbəkistanın Əməkdar mədəniyyət işçisi Zubaydullo Batırovdur.
Premyerası 2005-ci ildə baş tutan bu baletə görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın birinci dərəcəli Dövlət mükafatına layiq görülüb.
Özbək milli baletinin dəyərli nümunələrindən olan tamaşada xeyirlə şərin mübarizəsindən bəhs olunur. Xeyir şər qüvvələr üzərində zəfər çalır. Sehrli quş - Humo isə xeyirxahlıq və ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.
Xalq əfsanə və əsatirləri əsasında ərsəyə gələn balet nümunəsi zərifliyi, ifaçıların ustalığı və quruluşunda milli elementlərin çoxşaxəli sintezi ilə tamaşaçıların rəğbətini qazanıb.
Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin paytaxtımızda təqdim etdiyi ikinci səhnə əsəri də yaddaqalan olub. Özbək sənətçilər bakılı operasevərlərə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin məşhur “Riqoletto” operası (dirijor Denis Vlasenko) təqdim ediblər.
Əsas partiyaları Özbəkistanın məşhur opera ulduzları - Xalq artistləri Şükür Qafurov və Ramiz Usmanov səsləndiriblər.