Özbəkistanda Nizami Gəncəvinin 880 illik yubiley tədbirlərində Əlyazmalar İnstitutu da təmsil olunacaq
Bakı, 10 noyabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli Daşkənddə, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, mərkəzin rəhbəri Samir Abbasov 2010-cu ildən bəri Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliği istiqamətində görülən işlər haqqında məlumat verib. O, mərkəzin həyata keçirdiyi layihələrdə Əlyazmalar İnstitutunun alimlərinin də yaxından iştirakına görə Teymur Kərimliyə təşəkkürünü bildirib. Görüş zamanı tərəflər dekabr ayında Özbəkistanda Nizami Gəncəvinin 880 illik yubiley tədbirlərində Əlyazmalar İnstitutunun da təmsil olunacağı haqqında ilkin razılığa gəliblər.
Daha sonra Teymur Kərimli Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən muzeylər, kitabxana, dərnəklərin işi ilə tanış olub. O, Nizami Gəncəvi irsinin tədqiqi ilə bağlı cari ildə Əlyazmalar İnstitutunun nəşrə hazırladığı kitabları mərkəzin kitabxanasına hədiyyə edib.