“ÖZƏLLƏŞDİRMƏ LAYİHƏLƏRİNİN İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA İKİGÜNLÜK SEMİNAR KEÇİRİLMİŞDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) AZƏRTAC-a bildirmişlər ki, iyunun 24-də “Park İNN-Azərbaycan” mehmanxanasında «Özəlləşdirmə layihələrinin idarə edilməsi» mövzusunda seminar keçirilmişdir.
Komitənin mərkəzi ofisinin, Bakı şəhəri ərazi şöbələri əməkdaşlarının, eləcə də Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) ekspertlərinin iştirak etdikləri seminarda özəlləşdirmə layihələrinin komponentləri, layihələrin idarəedilmə dövrü və onun özəlləşdirmə prosesi ilə əlaqəsi sahəsində beynəlxalq təcrübə barədə məlumat verilmiş, özəlləşdirmə layihələrinin maliyyələşməsi və tətbiqi, dövlət əmlakının idarə edilməsi ilə bağlı monitorinqlərin keçirilməsi, hesabatların təqdim edilməsi mövzularında qabaqcıl ölkələrin təcrübələrindən söz açılmış, müzakirələr aparılmışdır.
Tədbirin keçirilməsinin məqsədi DƏİEDK əməkdaşlarının özəlləşdirmə sahəsində biliklərini artırmaq, onları bu sahədəki xarici təcrübə ilə tanış etmək, özəlləşdirmə prosesində mövcud olan yeni texnologiyalar haqqında məlumatlandırmaqdır.
Sonda iştirakçılara sertifikatlar verilmişdir.