MƏDƏNİYYƏT
Panel sessiya: Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar
![](/files/galleryphoto/2023/3/1200x630/17028979841576837297_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028979846115423305_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702897985533713290_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028979855256761790_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumu çərçivəsində növbəti panel sessiya “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın moderatorluğu ilə keçirilən tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar Elçin Şamilli Azərbaycanın zəngin mədəni irsi olduğunu deyib. O bildirib ki, indiki dövrdə mədəni irsi müasir formada təqdim etmək lazımdır: “Əlbəttə ki, bir çox interyerdə mədəni irs elementləri istifadə olunur, amma biz bunu daha da inkişaf etdirməliyik”.
Türk təsviri sənətindən söz açan memar, onun mədəniyyətimizin vacib qollarından biri olduğunu deyib. E.Şamilli bu sənətin müasir aspektlərdə təsvir olunmasının zəruriliyini vurğulayıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin kreativ direktoru Əsmər Abdullayeva bütün dövrlərdə yaradıcı məhsulun çox vacib olduğunu qeyd edib: “İşsizlikdən əziyyət çəkən xanımların xalçaçılıq sənətinə cəlb olunması və bundan maddi qazanc əldə etməsi mümkündür. Hazırda xalçaçılıq sahəsində işləyən xanımlar çox peşəkardır. Ancaq biz onlar üçün təlim keçməyə davam edirik və tarixi mədəni irs sayılan xalçaçılığı yaşadırıq. Ümumiyyətlə, gənclər arasında da bu sahəyə marağı olanlar var”.
Ə.Abdullayev xalçaların satışı haqqında danışıb. O qeyd edib ki, hər bir xalçanın öz toxunma hekayəsi var və bu hekayə satış zamanı alıcıya çatdırılmalıdır.
Mədəniyyət Nazirliyinin sektor müdiri Nuriyyə Məmmədova mədəni irsin qorunub saxlanılmasının çətin olduğunu vurğulayıb: “Bu Forum müasir dövrdə qeyri-maddi mədəni irsin mühafizəsi üçün bir çağırışdır. Çünki qeyri-maddi mədəni irs nümunələri şifahi yolla ötürülür və bu da zamanla müəyyən dəyişikliklər yarada bilir. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası dünya irslərinin orijinallığını qorumaq üçün qurulub. Azərbaycan isə bu konvensiyaya üzv ölkələr arasında ən aktiv dövlətdir”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov Azərbaycan mədəni irsinin böyük bir hissəsinin ermənilər tərəfindən mənimsənildiyini deyib: “İşğal zamanı Qarabağdakı evlərdən, muzeylərdən götürülən nümunələr kütləvi şəkildə Ermənistana daşınıb və bütün dünyaya Ermənistan mədəni irsi kimi təqdim olunub. Xüsusilə, Ağdamda 30 ilə yaxın qeyri-qanuni qazıntılar aparılıb. Bu qazıntılar nəticəsində həmin ərazilərdən çoxlu zərgərik nümunələri aşkar edilib”.
T.İbrahimov təklif edib ki, həmin nümunələr beynəlxalq, hüquqi normalara uyğun geri qaytarılmalıdır. Bunun üçün isə Qarabağda monitorinqlər keçirməli və oğurlanan mədəniyyət nümunələrinin geri qaytarılması tələb edilməlidir.
Sonda panel sessiya müzakirələrlə davam edib.