SİYASƏT
Paris Universitetinin təşkilatçılığı ilə Qafqaz ölkələrinə dair onlayn konfrans keçirilib VİDEO
Paris, 20 may, AZƏRTAC
Paris Pantheon–Assas Universitetinin “Meydane Pantheon-Sorbonne” Assosiasiyasının təşkilatçılığı ilə “Şərq-2020” silsilə konfranslar çərçivəsində “Qafqaz 2020: yekun və perspektivlər” adlı onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev təmsil edib.
“Şərq-2020” silsilə konfransları üzrə direktor Saeid Abedi, Meydane İnstitutunun prezidenti Amir Mohsen Zandi, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi, Paris Siyasi Elmlər İnstitutunun tədqiqatçı müəllimi Tornike Qordadze və beynəlxalq əlaqələr üzrə tədqiqatçı Gevorq Melikyanın iştirak etdikləri konfransda Qafqaz ölkələrində COVID-19 pandemiyasının idarə edilməsi, pandemiya dövründə bu ölkələrə aid daxili və geosiyasi məsələlər müzakirə olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ölkəmizdə siyasi, iqtisadi, sosial sahələrdə islahatların davam etdirildiyini diqqətə çatdırıb. O, iqtisadiyyatımızın neft gəlirlərindən asılılığının azaldılması istiqamətində dövlətin həyata keçirdiyi islahatlardan, eləcə də kadr islahatlarından söz açıb. İqtisadiyyatımızın şaxələndirilməsinə toxunan F.Şəfiyev kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrinin inkişaf etdirilməsindən və bu sahələrdə görülən işlərdən, həmçinin COVID-19 pandemiyası ilə bağlı dövlətimizin vaxtında atdığı addımlardan, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən danışıb.
Geosiyasi məsələlərə toxunan F.Şəfiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etdiyini bildirərək qeyd edib ki, münaqişənin həlli Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən asılıdır.
İdarə heyətinin sədri, həmçinin ölkəmizin nəqliyyat və enerji daşımaları sahəsində reallaşdırdığı transregional layihələr haqqında məlumat verib.
Konfransın sonunda dinləyicilərin sualları cavablandırılıb. Qafqaz ölkələrində mövcud münaqişələrin regional əməkdaşlığa təsirinə dair suala Gürcüstan və Ermənistan ekspertləri cavab verərək münaqişələrin əməkdaşlığa mənfi təsir etdiyini bildiriblər.
Fərid Şəfiyev bu suala cavabında bildirib ki, Azərbaycan regional layihələri həyata keçirməkdə davam edir. O, Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığından və bu əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrdən, İran, Rusiya, eləcə də “orta dəhliz” adlanan Çin və Avropa arasındakı nəqliyyat dəhlizi layihələrindən danışaraq, münaqişənin ölkəmizə böyük layihələri həyata keçirməyə mane olmadığını bildirib.
Ölkələrin daxili proseslərindən danışılarkən Ermənistan nümayəndəsi ölkəsində baş vermiş inqilaba toxunub və bunun demokratik inkişafı əks etdirdiyini deyib. Azərbaycanlı ekspert isə ona cavab olaraq vurğulayıb ki, etnik təmizləmə aparmış və digər ölkənin torpaqlarını işğal etmiş bir ölkədə demokratiyadan söhbət gedə bilməz.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris