Parisdə AŞPA-nın siyasi məsələlər komitəsinin iclası keçirilib
Paris, 17 mart, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası ərəfəsində Parisdə, Senatın binasında qurumun siyasi məsələlər komitəsinin növbəti iclası keçirilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasla bağlı AZƏRTAC-a müsahibəsində deyib ki, gündəlikdə əsasən iki məsələ olub - birincisi, Avropada irqçilik və Avropa vətəndaşlarının müxtəlif münaqişələrdə, xüsusilə İraqda və Suriyadakı münaqişələrdə iştirakı, ikincisi, Ukrayna və Rusiya münasibətləri. Hər iki məsələ bu gün Avropa üçün çox ciddi problemə çevrilib. Qeyri-sabitlik, tolerantlığın mövcud olmaması, insanlara qarşı rəftarın tamamilə dəyişməsi kimi məsələlər avropalıları ciddi şəkildə narahat etməyə başlayıb. Dünyada terrorizm halları getdikcə artır və buna qarşı mübarizə üsulları təəssüf ki, Avropanın özündə hələ tam həllini tapmayıb və yaranmış vəziyyət avropalıları ciddi düşünməyə vadar edir.
S.Seyidov bildirib ki, Ukrayna və Rusiya arasında mövcud vəziyyətlə bağlı məsələyə gəldikdə isə bu mövzu AŞPA-nın yaz sessiyasında yenidən müzakirə olunacaq. Əlbəttə, bütün bunlar Avropada gedən proseslərə öz təsirini göstərir.
Nümayəndə heyətinin rəhbəri deyib ki, iclasda Azərbaycanla bağlı hər hansı məsələ müzakirə olunmadı. Buna baxmayaraq ölkəmizin hər iki məsələ ilə bağlı mövqeyi bildirildi. Avropada bu günə qədər Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi təcrübədən istifadə olunmaması təəssüf hissi ilə qeyd edildi. Diqqətə çatdırıldı ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər Avropada mövcud problemlərin həllinə müəyyən kömək göstərə bilər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris