PARİSDƏ AZƏRBAYCANIN İQTİSADİ PERSPEKTİVLƏRİNƏ DAİR KONFRANS KEÇİRİLMİŞDİR
Konfransı açan dostluq qrupunun sədri, Milli Assambleyanın deputatı Can-Lui Dümon Fransa və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı məsələsinə toxunmuş, bu sahədə iqtisadi əlaqələrin mühüm yer tutduğunu bildirmişdir.
Fransa-Azərbaycan Ticarət Palatasının əməkdaşı Qulam Abyar çıxışında ikitərəfli əlaqələrin inkişafından bəhs etmiş, 2001-2005-ci illərdə Azərbaycanda iqtisadi göstəricilərin sürətlə artdığını xüsusi vurğulamış, Ticarət Palatasının işini daha da fəallaşdırmağı, Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin intensiv inkişafını təmin etməyi, hər iki ölkənin iş adamları arasında lazımi səviyyədə münasibətlər yaratmağı qarşısına məqsəd qoymuş İqtisadiyyat klubunun bu il Azərbaycanla bağlı beş tədbirinin keçiriləcəyi barədə məlumat vermişdir.
Fransanın Şuazöl İnstitutunun tədqiqatçısı Loran Vinatye “Azərbaycanda iqtisadi perspektivlər” mövzusunda məruzə etmişdir. Tədqiqat işi ilə əlaqədar dəfələrlə ölkəmizdə olmuş L.Vinatye Cənubi Qafqazda Azərbaycanın nüfuzunun getdikcə yüksəldiyini, bunda neft amilinin xüsusi rol oynadığını vurğulamışdır.
Tariximizdən qısa bəhs etmiş natiq, müsəlman Şərqində ilk dəfə demokratik respublikanın Azərbaycanda yarandığını və 1920-ci ildə rus bolşevikləri tərəfindən onun müstəqilliyinə son qoyulduğunu, 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqilliyin bərpa olunduğunu, 1994-cü ilin sentyabrında Prezident Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin bağlandığını, milli azlıqların azərbaycanlılarla bütün sahələrdə eyni hüquqa malik olduqlarını və tam stabilliyin bərpa edildiyini bildirmişdir.
Məruzəsini əsasən ölkəmizin iqtisadiyyatına həsr etmiş fransalı tədqiqatçı hazırda Azərbaycanın sürətlə inkişaf etdiyini, Prezident İlham Əliyevin ölkə sənayesinin modernləşməsinə xüsusi diqqət yetirdiyini xatırlatmışdır.
Ölkəmizin iqtisadi perspektivlərindən danışan Loran Vinatye korrupsiyaya qarşı mübarizənin vacibliyini vurğulamış və ölkə Prezidentinin bununla bağlı konkret tədbirlər gördüyünü bildirmişdir. O, Azərbaycanda turizmin inkişafı üçün əlverişli şərait olduğunu və hökumətin son zamanlar bu sahəyə ciddi diqqət yetirdiyini göstərmiş və yoxsulluğun aradan qaldırılmasının iqtisadiyyatın inkişafı ilə sıx əlaqədə olduğunu və bununla bağlı görülən işləri xatırlatmışdır.
Məruzədə Asiya ilə Avropa arasında enerji daşıyıcılarının nəqli üçün Azərbaycanın əlverişli mövqeyə malik olduğu, Qazaxıstan neftinin ölkəmiz vasitəsilə digər ölkələrə daşınmasının əhəmiyyəti barədə söhbət açılmışdır.
Sonra fransız tədqiqatçı ölkəmizin iqtisadiyyatı ilə bağlı suallara ətraflı cavab vermişdir.
Konfransda ölkəmizin Parisdəki səfiri Tarik Əliyev, Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, Ticarət Palatasının əməkdaşları iştirak etmişlər.