Parisdə azərbaycanlı cazmenlərin çıxışı maraqla qarşılanmışdır
Paris, 8 noyabr (AZƏRTAC). Fransada keçirilən beynəlxalq “Cazkolor” festivalı çərçivəsində noyabrın 7-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı cazmenlərin konserti təşkil edilmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov qonaqları salamlamış, 24 ölkənin caz ustalarının iştirak etdikləri “Cazkolor” festivalında azərbaycanlı cazmenlərinin iştirakından məmnun qaldığını diqqətə çatdırmışdır. Səfir keçən əsrin 30-cu illərində dünya şöhrətli dirijor Niyazinin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin fəaliyyət göstərdiyini, 60-cı illərdə Vaqif Mustafazadə, Rafiq Babayev və digərlərinin sayəsində Azərbaycanda özünəməxsus caz üslubunun yarandığını bildirmiş, xalqımızın milli musiqisi muğamla klassik cazın improvizasiya olunduğunu, muğamın UNESCO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulamışdır.
Son 15 ildə paytaxt Bakı şəhərində beynəlxalq caz festivallarının keçirildiyini xatırladan E. Əmirbəyov cari ilin oktyabrında Marius Miller, Bob Ceyms, David Sanborn, Keyni Garett kimi dünyada tanınmış caz ustalarının azərbaycanlı cazmenlərdən Salman Qəmbərov, İsfar Sarabski, Şahin Növrəsli, Elçin Şirinovla birgə konsert proqramı ilə çıxış etdiklərini bildirmişdir.
Beynəlxalq “Cazkolor” festivalı prezidentinin müavini xanım Valeri Qiler festivalın tarixi barədə qısa məlumat vermiş, belə möhtəşəm tədbirdə Azərbaycanın ilk dəfə təmsil olunduğunu yüksək qiymətləndirmiş, gənc cazmenlərin səfərlərinin təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.
Caz üçlüyü —Elçin Şirinovun (piano), Səlim Məmmədovun (bass) və Elvin Bəşirovun (zərb alətləri) ifasında Azərbaycan bəstəkarı Fikrət Əmirovun, caz ustalarından Rafiq Babayevin və Elçin Şirinovun, habelə Qərb bəstəkarlarından Kut Valermelonun və Con Koltranın əsərləri səslənmişdir.
Azərbaycanlı musiqiçilərin çıxışları böyük rəğbətlə qarşılanmışdır.
Konsertdə fransız ictimaiyyətinin nümayəndələri, incəsənət və mədəniyyət xadimləri, Fransada işgüzar səfərdə olan Milli Məclisin deputatları, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşları, diaspor təmsilçiləri və tələbələr iştirak etmişlər.
Gənc cazmenlər noyabrın 9-da Qrenobl şəhərində də konsert proqramı ilə çıxış edəcəklər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris